Şərqlilər çörəyi niyə çox yeyir?
13.12.2006 Yazını böyüt :
Səbəbləri yetərincə çoxdur.Birlikdə araşdıraq
Amerika alimlərinin hesablamalarına görə, 2050-ci ilə qədər bəşəriyyətdə çörək qıtlığı yaranacaq. Qeyd edək ki, mütəxəssislər bunu əksər ölkələrdə torpaqların yararlılıq müddətinin başa çatması ilə əlaqələndirirlər. Amma ekspertlərin sözlərinə əsasən, bu məsələdən daha çox əziyyət çəkən Şərq xalqları olacaq. Çünki şərqlilər çörəyə meylli olduğundan və qida rasionunda sözügedən məhsuldan istifadəyə üstünlük verdiklərindən onların tələbatını ödəmək çətinləşəcək. Yeri gəlmişkən, azərbaycanlılar da daha çox çörəklə qidalananlar sırasındadır. Məsələn, respublikamızda taxılçılığın inkişaf etdirilməsinə baxmayaraq, mövcud tələbatı ödəmək mümkünsüzdür. Buna görə də hökumət hər il Rusiya, Qazaxıstan və başqa dövlətlərdən taxıl idxal edir. Halbuki adıçəkilən ölkələrin əhalisinin ümumi sayı Azərbaycandan dəfələrlə çoxdur və onlar təxminən respublikamızdakı taxıl sahələrindən bir qədər artıq buğda becərirlər. Amma bunun müqabilində digər dövlətlərə də taxıl ixrac edirlər. Təbii ki, başlıca səbəb çörəyə olan tələbatımızla bağlıdır. Bəs, görəsən, azərbaycanlılar, eləcə də başqa Şərq xalqları sözügedən məhsula niyə bu qədər meyllidirlər?
Adət-ənənəyə bağlılıq
Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası Mərkəzinin direktoru Cabir Xəlifə -zadə də bu məsələnin ilk növbədə adət-ənənələrdən formalaşdığını vurğuladı. Onun sözlərinə istinadən, məhz milli xüsusiyyətlər nəticəsində Azərbaycan ailələrində çörəyə bağlılıq yaranıb: "Əslində, bütün millətlər fərqli-fərqli dəyərlərə malikdirlər. Bu ənənələrin formalaşmasında isə ululardan miras qalan keyfiyyətlər xüsusi əhəmiyyət daşıyır. Yəni bizdə tarixən çörəyə hörmət, ehtiram, sitayiş və bağlılıq olub. Eyni zamanda, körpələri də bu ruhda böyütmüşük və çörək həmişə müqəddəs sayılaraq qorunub. Buna görə də çörəyi orqanizmimizin tələbatını ödəməkdən başqa, həm də müqəddəs hesab etdiyimizdən qidaların şahı kimi dəyərləndiririk".
Mütəxəssis öz açıqlamasında həmçinin sözügedən məsələnin sosial vəziyyətdən asılılığını da bildirdi: "Qədim dövrlərdə Azərbaycan zəngin olmadığından və ayrı-ayrı dövlətlərin müstəmləkəsində yaşadığından xalqımız ağır həyat tərzi keçirib. Bu baxımdan onların qida seçimi çox bəsit olub. Eləcə də həmin ərəfələrdə əkinçilik, o cümlədən dənli bitkilərin becərilməsi sürətlə inkişaf etdiyindən insanlar qida rasionunda daha çox belə məhsullara üstünlük verirdilər. Amma burada bir məsələ də var ki, azərbaycanlı ailələrdə heç vaxt çörəkdən imtina müşahidə edilmir. Məsələn, biz balıq və digər məhsullarla təkrar-təkrar qidalana bilmərik. Lakin çörəyi gündə 3 və ya 4 dəfə qida rasionumuza daxil edirik. Təbii ki, bu proses genetik kodlarımızın necə formalaşması nəticəsində baş verir. Sözügedən məsələ insan psixologiyasının və fiziologiyasının durumundan da asılıdır. Yəni əcnəbilər əksər hallarda qida rasionlarına çörək daxil etmirlər və bu, artıq pozulmaz qaydadır. Məsələn, almanlarda buşteks adlı yemək var və qızardılmış ətdən ibarət olan həmin yeməyin süfrəyə verilməsi zamanı noxuddan, kartofdan, göyərtidən istifadə edirlər. Əgər hansısa alman restoranında buşteksin yanında süfrəyə çörək verilirsə, bu, ofisiantın kobud səhvi kimi qiymətləndirilir".
Çörəyin xeyirli və ziyanlı tərəflərinə də toxunan C.Xəlifə-zadə adıçəkilən məhsulun karbohidrat və proteinlərlə zəngin olduğunu vurğuladı: "Ümumiyyətlə, həm heyvani, həm də bitkimənşəli zülallar orqanizm üçün həddən artıq vacibdir və immun sisteminin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Amma bitkimənşəli zülallar, yəni proteinlər orqanizmə daha xeyirlidir. Bundan başqa, çörəyin tərkibində kalsium, dəmir, maqnezium və B qrupu vitaminləri də var. Həmin maddələr hüceyrə və toxumaların qidalanmasında vacib rol oynayır. Çörəyin zərərli tərəfi isə yalnız karbohidratlarla bağlıdır. Çünki bu birləşmə insanlarda kökəlməyə meyllilik yaratdığından orqanizmi ağırlaşdırır".
Qida rasionunun ümumi tərkibi ilə bağlı tövsiyələrini də bildirən ekspert gün ərzində maksimum 400 qrama yaxın çörəkdən istifadənin zəruriliyini vurğuladı: "Düzdür, azərbaycanlıların buna əməl etməsi müəyyən qədər çətindir. Amma orqanizmin sağlamlığı üçün bəzi tövsiyələrə riayət olunması vacibdir. Eyni zamanda, uzunömürlü orqanizmə sahiblənməkdən ötrü insanlar yağ, şəkər və duzdan da imtina etməlidirlər".
İqlim faktoru
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da bizimlə fikirlərini bölüşdü. Qida rasionumuzda çörəyin xüsusi yeri olmasının milli xüsusiyyətlərlə bağlılığı rəyi ilə razılaşan ekspert əlavə nüansların mövcudluğunu da söylədi. Onun qənaətincə, nəinki azərbaycanlılar, bütün Şərq xalqları çörəyə meyllidir: "Bunun başlıca səbəbi iqlimlə əlaqədardır. Yəni əksər Şərq ölkələrində quraqlıq və subtropik iqlim şəraiti hökm sürdüyündən dənli bitkilərə tələbat böyükdür. Müşahidələr göstərir ki, çörəyə meylli olmayan xalqlar əsasən soyuq ölkələrdə məskunlaşıblar. Həmin ərazilərdə isə dənli bitkilər, o cümlədən buğda yetişdirmək çətindir. Məsələn, soyuq ölkələrin əksəriyyətində becərilən buğda sortları seleksiya nəticəsində sözügedən şəraitə uyğunlaşdırılıblar. Nəticədə həmin ərazilərdə yaşayan xalqlarda çörəyə qeyri-meyllilik yaranıb".
AİB sədri öz açıqlamasında çörəyin hazırlanma texnologiyasında qədim ənənələrdən uzaqlaşıldığını da bildirdi: "Əvvəllər xalqımız qara, yəni kəpəkli çörəkdən daha çox istifadə edirdi. İndi isə bu adət tamamilə unudulub və insanlar ağ çörəklə qidalanmağa üstünlük verirlər. Amma vətəndaşlar anlamırlar ki, belə qidalanma orqanizm üçün olduqca zərərlidir. Çünki dəmir elementi olmayan çörək qanda müəyyən problemlər, eləcə də qanazlığı yaradır, orqanizmin ümumi vəziyyəti zəifləyir, ətraf təsirlərə qarşı immunitet formalaşmır. Bu isə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur".
Respublikanın baş terapevti Yaqub Qurbanov da çörəyin orqanizm üçün vacib element olduğunu vurğuladı. Həmsöhbətimiz bildirdi ki, xalqları fərqləndirən bütün xüsusiyyətlər qədim adətlər toplusudur: "Bu isə ümumi tərbiyədən, yaşadığın iqlim şəraitindən və mühitdən, dünyagörüşündən asılı bir məsələdir. Yəni ətraf aləmə təsir və hadisələrə baxış həm psixoloji, həm də fizioloji məqamlarla birbaşa əlaqədardır. Buna görə xalqımızın çörəkdən çox istifadə etməsini acgözlük deyil, ona hörmət kimi dəyərləndirmək lazımdır".
Mənbə: Həftə içi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Çox arvadlı kişilər daha uzun yaşayır
Bir rejissorun "Manifest"i
Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

