Hollywoodda 2 yeni siyasi cəhətdən əhəmiyyətli film xəbərləri
20.12.2006 Yazını böyüt :
Stallone "ermənilərin xilaskarı" olacaq
Van-Damm isə erməni terrorçularına qarşı vuruşan türk zabitini canlandıracaq
"Rembo" və "Rokki" kimi filmləriylə dünyaca məşhurlaşan aktyor və rejissor Silvestr Stallone qondarma "erməni soyqırımı" barədə film çəkmək istəyir.
Avstriyalı yazıçı Frans Verfelin 1933-cü ildə çap edilmiş "Musa Dağında 40 gün" adlı romanını ekranlaşdırmaq istəyən Stallone bu əsəri ilə "1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin məruz qaldıqları dəhşətli müsibətlər" haqqında film çəkmək niyyətini açıqlayıb.
Xatırladaq ki, Verfelin romanında 1915-ci ildə İsgəndərunun cənubundakı Musa Dağındakı mağaralara sığınaraq türk mehmetciklərlə savaşması, Anadolu ermənilərin kütləvi sürgünü və dağdakı ermənilərin Aralıq Dənizi sahillərinə yaxınlaşan Fransa gəmiləri tərəfindən xilas edilərək Misirdəki qaçqın düşərgələrinə yerləşdirilməsindən bəhs olunur.
"Slay" ləqəbli Stallone bu fikrini ABŞ-dakı kinoteatrlarda hələ də nümayiş etdirilən "Rokki Balboa" filmiylə bağlı keçirilən mərasimdə açıqlayıb.
"Denver Post" qəzetinə verdiyi açıqlamada S.Stallone deyib: "Filmi çəkəcək, Verfelin romanını Hollivudda ilk dəfə ekranlaşdıracam. Gələcək lentin bir səhnəsi artıq gözümün qarşısındadır. Fransa gəmiləri sahilə yan alıb, nərdivanlar aşağı sallanıb, hər kəs gəmilərə dırmanır. Gəmilər sonra dənizə doğru hərəkət edir. Xilasetmə əməliyyatının təşkilatçısı və rəhbəri olan qəhrəman isə dağın zirvəsində yatıb qalıb. Kamera geri çəkilir. Bir yanda gəmilər və dəniz, digər yanda zirvədə yatan tənha adam. Uzaqda isə minlərlə türk dağa dırmaşır".
O daha sonra bildirib ki, film siyasi baxımdan böyük qalmaqala səbəb olacaq. "Türklər 85 ildir ki, bu mövzunu öldürürlər", - Stallone deyib.
Xatırladaq ki, avstraliyalı yəhudi olan Frans Verfel "Musa Dağındakı 40 gün" romanın 1929-cu ildə Suriyaya səfəri əsnasında ermənilərlə söhbətləşərək yazmağa başlamışdı. Roman 1933-cü ildə Vyanada çap olunub.
Daha sonra 18 dilə tərcümə edilən romanı 1930-cü illərin sonunda Hollivuddakı "Metro-Goldwyn-Mayer" (MGM) kinostudiyası ekranlaşdırmaq istəmiş, lakin Türkiyə buna qarşı böyük kampaniya başladığından rəsmi Vaşinqton işə qarışmış və MGM fikrindən əl çəkmişdi.
Təbii ki, Stallonenin açıqlamaları Türkiyədə qəzəblə qarşılanmaqla bahəm, ABŞ-dakı türk və azərbaycanlı icmasının kəskin etirazlarına səbəb olub.
Dünən aldığımız məlumatlara görə, Amerika-Türk Assambleyası bəyan edib ki, əgər Stallone fikrindən vaz keçməzsə, bütün türklər ona qarşı boykota başlayacaq.
Bununla bahəm, "Tarixi partladanlar" adlı filmin də çəkiləcəyi vurğulanıb. Bu filmdə 1915-ci il Osmanlı Türkiyəsində ermənilərin xəyanəti, 1930-cu illərdən başlayaraq erməni terrorçularının türk diplomatlarına qarşı terror aktlarından bəhs ediləcək. Bədii filmdə Mehmet Çelik adlı türk zabiti obrazını kinosevərlər arasında populyarlıqda Silvestr Stallonedən geri qalmayan Jan-Klod Van-Damma həvalə edilə biləcəyi vurğulanıb.
Bu işə Amerika Azərbaycanlılar Dərnəyi də dəstək verəcək.
Eyni zamanda, Silvestr Stallonenin qərarından dönməyəcəyi təqdirdə Türkiyədə onun çəkildiyi filmlərin kinoteatrlarda nümayişinin dayandırılacağı gözlənilir.
Mənbə: Express
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

