Namiq Aygünün doğum gününə qəlyan hədiyyə etdi
27.01.2007 Yazını böyüt :

Fuad Əlişov isə brilyant üzük-sırğa dəsti
Əməkdar artist Aygün Kazımovanın yaşının üstünə bir yaş da gəldi. Məşhur müğənni doğum günü münasibətilə Bakı Əyləncə Mərkəzində çal-çağır məclisi qurdu. Həmkarlarını, sənət dostlarını və yaxınlarını başına toplayıb, şənləndi.
Adətən tədbirlərə gecikən Aygün, elə öz ad gününə də vaxtında gəlməmişdi. Murad Dadaşov, Cavanşir Quliyev, Eldar Mansurov, Zamiq bütün qonaqları qabaqlamışdılar. Nəhayət, xüsusi olaraq doğum günü üçün tikdirdiyi əlbisədə görünən Aygün Kazımova müsafirləri ilə tək-tək görüşüb, təbrikləri qəbul etməyə başladı. Biz də fürsəti əldən verməyib, bir neçə sənət adamına yaxınlaşıb, səbəbkara hansı hədiyyəni aldıqları ilə maraqlandıq.
Məlum oldu ki, Nazpəri Dostəliyeva çiçək dəstəsi, Fuad Əliyev və həyat yoldaşı brilyant üzük-sırğa dəsti, İradə İbrahimova isə tısbağa formasında mücrü bağışlayıb. Tısbağanın uzunömürlü olduğuna işarə verən İradə «arzu edirəm ki, Aygün xanım tısbağa kimi çox yaşasın» dedi. Aygünün ən yaxın rəfiqəsi olan Brilliant Dadaşova səbəbkar üçün parfümeriya və gözəl bir suvenir aldığını gizlətmədi. Təbii ki, çoxlarını Namiq Qaraçuxurlunun hədiyyəsi maraqlandırırdı. Odur ki, meyxana ifaçısını sorğu-suala tutmaq imkanını əldən vermədik. Namiq duet həmkarına bahalı ev avadanlığı hədiyyə etsə də, həmin əşyanın konkret adını çəkmədi. Ad günündə Aygünün əlində tutduğu uzun qəlyanın da onun hədiyyəsi olduğunu əlavə etdi: «Bu qəlyanı Moskvadan almışam. Görən kimi xoşuma gəldi, düşündüm ki, Aygün xanımın ad gününə hədiyyə edim».
O yerdə ki, sənət adamları bir araya gəlib, deməli, yeyib-içmək, oxumaq və rəqs etmək sarıdan problem yoxdur. Elə Aygün Kazımovanın doğum günü də bunlarsız ötüşmədi. Məclisin müğənni qonaqları öz musiqi töhfələri və rəqsləri ilə mərasimə şən əhval-ruhiyyə qatdılar. Aygünü təbrik edənlər arasında «Akademiya» layihəsinin iştirakçıları da vardı. Elə məclisi də onun öz tələbəsi Aytac Cəfərova açdı. Yeri gəlmişkən, hər kəsə bir ləqəb qoyması ilə öyünən A.Kazımova tələbəsinin saçının rənginə «ilişərək» onu «qırmızıbaş» adlandırdı…
Adətən qadından yaş soruşmazlar, deyirlər. Amma biz bu adəti pozaraq, Aygündən yaşını soruşduq. «Fəxr edirəm ki, 36 yaşım tamam olur» deyən sənətçi bunu gizlətməyə lüzum görmədiyini əlavə etdi: «Yaşımı niyə gizlətməliyəm ki?! Şükür Allaha ki, çox cavan və təravətli qalmışam. Gözəlliyimi itirməmişəm. Buna görə də Allahıma təşəkkür edirəm. Məni sevənlər narahat olmasınlar, çünki həmişə belə qalacağam. Bundan sonra məndən çox yeniliklər eşidəcəksiniz: təzə mahnılar, kliplər, albom buraxmağı nəzərdə tutmuşam. Təki, Allah ömür versin».
Biz də Aygün xanımı doğum günü münasibətilə təbrik edir, səviyyəli yaradıcı layihələr həyata keçirməsini arzulayırıq!
Yazdı: Ülviyyə Sabirqızı ( Gündəlik Azərbaycan qəzeti )
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

