«Qəfəs»in aqibəti necə oldu?
6.02.2007 Yazını böyüt :Emin Musəvi yeni layihə üzərində işləyir
Canlı yayım zamanı «bəxti bağlanan» «Qəfəs» realiti-şousunun ətrafında söz-söhbətlər səngimək bilmir. Layihənin yolunu həsrətlə gözləyən tamaşaçılar dəqiq bir informasiya almadıqlarından narahatdırlar. Əslində, nə baş verir? «Qəfəs»də həqiqətən texniki problem yaranıb, yoxsa, «ölkənin ən məşhur evi»nin qapıları birdəfəlik bağlanıb?
Təəccüb doğuran məqamlardan biri ATV telekanalının rəhbərliyinin susmasıdır. Yəni onlar hər hansı bir açıqlama verməkdən çəkinirlər. «Qəfəs»in rəhbərlərindən biri və aparıcısı Emin Musəvi isə tamaşaçılara gözləməyi tövsiyyə edir. O, bizimlə söhbətində «Qəfəs»də yaranan texniki problemlərin yaxın günlərdə həll olunacağını dedi: «İstənilən maraqlı layihə ilə bağlı söz-söhbətlər gəzir. «Qəfəs»in bağlanması xəbərini elə jurnalistlərdən eşitmişəm. Heç bir qəza da olmayıb. Əgər belə bir hadisə baş versəydi, sizdən gizlətməzdik».
«Qəfəs»dən əlini üzən Emin Musəvi «Azad Azərbaycan» radiosunda həyata keçirdiyi layihələrdən söz açdı. Proqram rəhbəri 90 faiz milli musiqilər səsləndirdiklərini xatırlatdı: «Şüarımız «milli musiqi, milli radio» olduğu üçün daha çox Azərbaycan mahnılarına üstünlük veririk. «Muğam saatı» adlı proqram hazırlayırıq. Bu verilişi ən çox dinlənilən vaxta salmışıq. Halbuki, bəzi radiolar buna risk etmirlər, düşünürlər ki, dinləyicilərini itirə bilərlər. Biz bundan çəkinmədik, əgər muğam musiqimizin köküdürsə, deməli, mütləq ən çox dinlənilən vaxtda səsləndirilməlidir. Bundan əlavə, Baba Vəziroğlunun təqdimatında «Milli qramofon» layihəsi var, tanınmış insanlar onun qonağı olurlar. Hər həftə həyatda olan və dünyasını dəyişmiş incəsənət adamları haqda maraqlı verilişlər hazırlayırıq. Nəzərə alsaq ki, «Azad Azərbaycan» təkcə Azərbaycanda deyil, peyk vasitəsilə xarici ölkələrdə də yayımlanır, mənə elə gəlir ki, bu, çox xeyirli bir işdir».
Emin Musəvinin sözlərinə görə, caz musiqisi ilə bağlı layihənin anonsu artıq efirdə gedib. Verilişdə hələ ki, yalnız caz musiqisi təbliğ olunacaq. Növbəti proqramlarda caz barədə şərhlər veriləcək, müsahibələr olacaq, müsabiqələr keçiriləcək. Proqram rəhbəri gələcəkdə daha maraqlı layihələr təqdim edəcəyinə söz verdi.
Mənbə: Gündəlik Azərbaycan
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

