«Hüseyn Dəryanın mənim konsertimdə heç bir işi yoxdur»
9.02.2007 Yazını böyüt :Elşad Xose: «Saç və saqqalıma görə heyfslənmirəm»
Xeyli vaxtdır səs-sorağı gəlməyən Elşad Xose nəhayət, «şeytanın qıçını sındırdı». Belə ki, rep ifaçısı fevralın 21-22-də H.Əliyev adına sarayda solo-konsert proqramı ilə çıxış edəcək. Dünən Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında konsertin təşkilatçısı – «MM Production»ın icraçı direktoru Roland Bayramov rep həvəskarlarını möhtəşəm şounun gözlədiyini dedi.
«Hiphopnamə» adlı konsertin 2 saata yaxın davam edəcəyini söyləyən Elşad Xose fərqli səhnə dekoru və işıq effektlərinin nəzərə çarpacağını vurğuladı: «Əslində keçən il konsert vermək fikrim vardı. Super səhnə dekoru hazırlanmışdı. Amma sponsor imtina etdiyindən konsert təxirə düşdü. Nəticədə həmin səhnə dekoru Röyanın ötən il verdiyi konsertində istifadə olundu».
Qeyd edək ki, bu, 7 ildir səhnədə olan Elşad Xosenin ilk solo-konsertidir. Bundan öncə repçi həmkarı «Dəyirman»la birgə sarayda çıxış edib. Müəyyən səbəblərdən indiyədək solo-konsert verməyən Xose özünə çox arxayın görünürdü. O, tamaşaçıların canlı rep ifası üçün darıxdıqlarını əminliklə söylədi: «6 albomum var. Konsertdə onlardan ən seçmə mahnıları ifa edəcəyəm. Duet həmkarlarımla da çıxış edəcəyəm. Röya, Samirə, «Dəyirman», Manana, əgər səhhəti imkan versə, Elnarə ilə duet oxuyacağam».
Elşad Xose konsertində yeni imicdə görünəcək. Kamran Həsənlinin «Kontrakt» verilişini izləyənlər onun elə canlı yayımda saqqalı və uzun saçları ilə vidalaşdığını gördülər. Yeri gəlmişkən, söhbət əsnasında Elşad bu layihə ilə bağlı iradlarını bildirdi. Dedi ki, öncə K.Həsənli onu tamam başqa şərtlərlə tanış edib: «Əvvəlcədən razılaşmışdıq ki, tamaşaçıların SMS-i əsasında iki variant seçiləcək və verilişin sonuna kimi həmin variantlar arasında seçim ediləcək. Tamaşaçılar «hə» və «yox» deməklə, səs verməlidirlər. Amma axırda nədənsə, qaydalar dəyişdi. Amma saç və saqqalıma görə heyfslənmirəm».
«Kontrakt» verilişində Hüseyn Dəryanı Elşad Xose ilə yanaşı görənlər onların barışdıqlarını zənn etdilər. Lakin müğənni bunun belə olmadığını söylədi. Dedi ki, Dəryanı onun konsertində görməyəcəyik: «Hüseyn Dəryanın mənim konsertimdə heç bir işi yoxdur. Onunla davamızdan xeyli vaxt keçib. O, öz üzərində işləmir, repdən uzaqlaşıb. İndi rep sahəsində mənimlə «Dəyirman» qalıb».
«Hədəf»də 50 min manat varıydı ki, mən də onu mənimsəyim?»
Mətbuat konfransında Elşad Xoseyə «Hədəf»lə bağlı da sual verildi. Öncə rep ifaçısı bununla bağlı sualları cavablandırmaqdan boyun qaçırsa da, sonradan fikrini dəyişdi. Eşidəndə ki, qalibə çatacaq 50 min manatı onun mənimsədiyi haqda söz-söhbətlər gəzir, özündən çıxdı: «Bunu ilk dəfə sizdən eşidirəm. «Hədəf» çox əla, səviyyəli bir layihə kimi hazırlandı. Anonsları «bəh-bəh»lə efirdə getdi. Mən də böyük maraqla ona aparıcılıq etməyə başladım. Amma sonradan layihənin konsepsiyasında dəyişiklik edildi. Çünki telekanallarda yayınlanan digər realiti-şou, müsabiqələrlə müqayisədə, camaat «Hədəf»ə pul xərcləmək istəmədi. Yəni iştirakçılara SMS göndərmədilər. Bir daha bəlli oldu ki, Azərbaycan xalqını vətənpərvərlik mövzusunda layihə maraqlandırmır. Bizim camaata bayrağımız, hərbi geyimimiz lazım deyil. Əks təqdirdə iştirakçıları dəstəkləyərdilər. Məsələni belə görən layihə rəhbərliyi isə «Hədəf»in konsepsiyasını dəyişdi. Və mən daha verilişə aparıcılıq etmək istəmədim».
Xatırladaq ki, hərbyönlü oyun olan «Hədəf»in 13 iştirakçısı 46 gün Oğuz rayonunda qurulan hərbi bazada «savaşdılar». Finala çıxmaq Sərxan Məhərrəmovla Ziya Mirzəyevə nəsib oldu. Onlardan biri 50 000 manata sahib olmalıydı. Lakin layihə yarımçıq qaldı və qalib müəyyənləşmədi. Bu mövzuya dəfələrlə toxunsaq da, «Hədəf»in rəhbərliyindən doğru-dürüst məlumat ala bilmədik. Layihənin aparıcısı Mehriban Həsənova özü təşkilatçıları tapa bilmədiyini etiraf etdi. Bu arada söhbət gəzdi ki, guya sponsorlar layihədən imtina ediblər. Digər versiya kimi isə Elşad Xosenin 50 min manatı mənimsədiyi deyildi. O vaxt Xose mətbuatdan kənar gəzdiyindən bu suala ondan cavab ala bilmədik. Lakin dünən reper bunun ağ yalan olduğunu dilə gətirdi: «Mən onuncu efirdən sonra layihəni tərk etdim. Pula gəlincə, 50 min manat varıydı ki, mən də onu mənimsəyim?! Pul elə əvvəlcədən olmadığı üçün qalibin də kimliyi bilinmir».
Yazdı:
Ülviyyə SABİRQIZI ( Gündəlik Azərbaycan qəzeti )
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

