Azərin toylara müğənni kimi getmir

24.02.2007 Yazını böyüt :       

"BİZDƏ ŞOU-BİZNES YOXDUR"

Xazar Name  Bu dəfəki "Şənbə qonağı"mız səsi ilə ürəklərə yol tapan, şou-biznes aləmində baş verənləri özündən uzaq tutmağı bacaran, əsl sənətlə məşğul olan müğənni Azərin xanımdır. Vədələşdiyimiz vaxtda redaksiyamızda olan müğənni ilə söhbətimiz də şou-biznes aləmindən uzaq idi.
- Azərin xanım, müasir Azərbaycan dinləyicilərinin zövqündən razısınızmı?
- Məncə, dinləyici, yaxud tamaşaçı haqqında hansısa müğənninin rəy verməsi düzgün deyil. Sadəcə olaraq, bir şeyə fikir vermək lazımdır ki, bu gün dinləyiciyə, tamaşaçıya hansı musiqi, necə musiqi təqdim olunur. Onlara nəyi təqdim ediriksə, onu da dinləyirlər. Ona görə də biz onların zövqündən necə narazı ola bilərik? Əlbəttə, yaxşı musiqi təqdim etsək, dinləyicimizin zövqü yaxşı olacaq. Bu gün intellektual səviyyəsi, dünyagörüşü yüksək olan gəncliyimiz yetişir. Sadəcə olaraq, təbliğatdan çox şey asılıdır. Xalqımız yaxşı sənətə, sənətkara qiymət verməyi bacarır.
- Bəs Azərbaycan mədəniyyətinin durumu necə, sizi qane edirmi?
- Azərbaycan mədəniyyətinə dövlət tərəfindən hazırda böyük qiymət verilir. Musiqi sahəsində 4-5 il əvvəlki vəziyyətə baxsaq görərik ki, nə qədər irəliləyiş var, ötən müddətdə təmizləmə işi aparılıb və hələ də davam edir. Milli Məclisdə də şou-biznes sahəsinə diqqət ayrılması üçün müzakirələr gedir. Hazırda kino sahəsinə yatırımlar qoyulmağa başlanıb. Qalır, incəsənət adamının Azərbaycan sərhədlərindən kənara çıxması. Bu gün Rusiyadan, Türkiyədən bura müğənnilər gətirirlər. Onlara pul verilir, üstəlik, bizim tamaşaçıya tanıtdırılırlar. Bizim də sənətkarlarımız Azərbaycandan kənara çıxarılıb orada tanıtdırılmalıdır. Bu, sadəcə müğənninin adı deyil, dövlətimizin, bayrağımızın, xalqımızın adıdır.
- Müğənnilərimizin Azərbaycanın hüdudlarından kənara çıxmasına nə mane olur ki?
- Maddi imkansızlıq. Dövlət tərəfindən bu sahəyə imkan daxilində diqqət ayrılır. Ancaq burada hər şeyi dövlətdən gözləmək də düzgün deyil. Özəl sektordan çox şey asılıdır. Bu gün hər hansı erməni musiqiçisini tanıtdırmaq üçün xaricdə yaşayan erməni milyonlar tökə bilirsə, deməli, bunu biz də edə bilərik. Çünki çox zəngin insanlarımız var. Sadəcə olaraq, bizdə özəl sektor tərəfindən mədəniyyətə yatırım qoyulmur. Əgər belə bir yatırım olsa, biz çox irəli gedə bilərik. Nəyə görə Azərbaycan yalnız nefti ilə tanınmalıdır? Azərbaycanın çox zəngin mədəniyyəti də var.
- Belə getsə deyəsən, mədəniyyət sahəsinə yatırım qoyan olmayacaq?
- Niyə, ola bilər ki, Azərbaycanı tanıtdırmaq üçün hansısa bir zəngin adam çıxıb incəsənətin hansısa sahəsinə yatırım qoyar. Hələ bizdə o hissiyyat oyanmayıb. Ancaq ümidim çoxdur.
- Dünya səhnəsinə çıxmaq iddianız var...
- İddia deyəndə ki... Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin xətti ilə dəfələrlə konsert proqramlarında iştirak etmişik. İnternet ünvanıma da bir sıra Avropa ölkələrindən, Türkiyədən dəvətlər gəlir və gedib konsert proqramı ilə çıxış etmişəm. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qastrol səfərlərim təşkil edilib. Bunlar hamısı Azərabaycanın adınadır.
- Dövlət Komitəsinin xətti ilə təşkil edilən konsertlər pulsuz olduğundan, eşitmişik ki, müğənnilərin çoxu imtina edir...
- Çünki oradan gəlir əldə etmək olmur. Onları qınaya da bilmərəm. Amma mən hesab edirəm ki, Azərbaycanın adına olan işlərdə maddiyyatı güdmək düzgün deyil. Onsuz da toydan, şənlikdən çox gözəl gəlir əldə etmək mümkündür. Oradan da maddiyyat güdmək mənə elə gəlir ki, normal deyil. Diasporumuz nə qədər genişlənsə, lobbiçiliyimiz güclənsə, bu, Azərbaycanın adınadır. Mədəniyyət sahəsində çalışan insanlar da bu sahədə köməyini əsirgəməməli, çalışmalıdırlar. Biri var, siyasətçinin fikri, biri də var müğənninin sözü. Elə yer var ki, orada siyasətçinin sözü keçmir, ancaq müğənninin hansısa bir əsəri ifa etməsi, yaxud hansısa filmin göstərilməsi ilə Qarabağ hadisələrini, Xocalı faiciəsini əcnəbilər daha yaxşı dərk edərlər.
- Çox xarici ölkələrdə səfərdə olmusunuz. Xaricdə diasporumuz çoxmu zəifdir?
- İki il əvvəl diaspuramızun fəaliyyətinə gülünc demək olardı. Hansısa əcnəbi ölkədə 100 azərbaycanlı var idisə, 100 də cəmiyyət var idi. Hər azərbaycanlı bir cəmiyyət qurmuşdu. Ancaq son zamanlar birləşmə gördük. Böyük irəliləyiş var və böyük addımlarla gedir. Belə getsə, 10 ilin içərisində çox şeylərə nail olacağıq. Hər şey yaxşı olacaq.
- Azərin xanım, bəs, şou-biznes sahəsindəki vəziyyət nə vaxt yaxşı olacaq? Nə vaxtadək, gündəmə gəlmək üçün müğənnilərimiz bir-birini təhqir edib tamaşaçıların ürəyini bulandıracaq?
- Belə şeylərdən o qədər uzağam ki... İnanın, televiziyada da belə şeylərə baxmıram, maraqlanmıram. İşimlə, sənətimlə məşğulam. Fikirləşirəm ki, insan özünü sözlə yox, əməllə təsdiq etməlidir. Həmişə demişəm ki, Azərbaycanda şou-biznes yoxdur. İncəsənət aləmi var. İncəsənət sahəsində Azərbaycan mədəniyyətini dünya səviyyəsində tanıdan çox insanlar var. Siz dediyiniz məsələlər çox xırda şeylərdir və Biləcəridən o yana keçmir. Hər halda, o insanlar öz başlarını aldadırlar. Şou-mədəniyyət olmayan yerdə şou-biznesdən danışmaq olmaz. Şou-mədəniyyətin mövcudluğu üçün məktəb olmalıdır. Dünyada bunun məktəbi var. İnsanlar buna görə savad alırlar. Bizdə isə məktəb olmadığından şou-mədəniyyət də yoxdur. Şou-biznes sahəsi yalnız baş aldatmaqdır. Məktəb olmayınca elə belə də davam edəcək. Söhbətimzin şirin yerində redaksiyamıza oxucu zəngi daxil olur"::
- Salam, Gülşəndir danışan. Azərin xanım oradadır?
- Bəli, buradayam. Buyurun, Gülşən xanım.
- Yaradıcılığınızda hansı yeniliklər var. Nə vaxt solo-konsert verəcəksiniz, yeni diskiniz çıxacaqmı?
- Biz heç vaxt konsert proqnozu vermirik. İki dəfə solo-konsertim olub. O da bədahətən - bir ay qalmış bildirmişik ki, konsert proqramı ilə çıxış edəcəyik. Gələcəkdə ola bilər ki, yenə də konsert proqramı ilə çıxış edək. Üç albomum işıq üzü görüb. Hazırda repertuar üzərində iş gedir deyə, albom haqqında heç bir şey deyə bilmərəm. Həm müasir Azərbaycan bəstəkarlarına, həm də Azərbaycan və dünya klassikasına müraciət edirik. İnşallah, əsərlər yığılar və albomum işıq üzü görər. Hamı bilir ki, Azərbaycanda bir müğənni albomdan heç bir gəlir əldə etmir. Albomu həm özün, həm də dinləyici qarşısında bir hesabat kimi çıxardırsan. Azərbaycanda bazar yoxdur. Türkiyə ilə Azərbaycanı müqayisə edək":: orada 75 milyon əhali yaşayır, populyar müğənni 1 milyon albom satıb dolana bilir. Azərbaycanda isə 8 milyondan artıq əhali var. Fərqə nəzər yetirin. Bazar özü balacadır. Bizdə insanların da o imkanı yoxdur ki, albom alsınlar.
- Azərin xanım, bir söz də demək istəyirəm. Rəfiqəm nişanlıdır. Sizin tanıdığınız Şahlarla nişanlanıb.
- Sinif yoldaşım Şahlardır, yəqin.
- Bəli.
- Onunla uşaqlıq illərində çox qastrol səfərlərində olmuşuq.
- Uşaqlıq dostunuzun toyuna gələ bilərsinizmi?
- Mən ümumiyyətlə, müğənni kimi toylarda iştirak etmirəm. Ancaq Şahlar mənim sinif yoldaşımdır. Bizim onunla həm məktəb illərində, həm də "Cücələrim" ansamblında çox səfərlərimiz olub. 7 il Türkiyədə yaşamışam. O illərdə Şahlar da Türkiyədə yaşayıb. İnşallah, zəng edib dəvət edərlər, qonaq kimi iştirak edərəm. - Çox sağ olun. Sizə yaradıcılığınızda uğurlar arzulayıram. Sizi çox sevirəm. Doğrudan da çox istəməli xanımsınız. Söhbəti özümüz davam etdiririk"::
- Azərin xanım, deməli, toylara getmirsiniz? Axı, müğənnilərin qazanc mənbəyi toylardır. Bayaq siz də dediniz ki, albomdan pul qazanmaq mümkün deyil.
- Biz qazanc dalınca qaçan insanlar deyilik. İşimiz sadəcə incəsənətə xidmət etməkdir.
- Onda sual ortaya çıxır ki, Azərin xanım toylara getmirsə, kasetlərdən qazanmırsa, bəs necə dolanır?
- Mənim iş yerim var. Oradan qazandığım pulla dolanıram.
- Sahibkarlıqla məşğulsunuz?
- Yox, bir restoranda işləyirəm. Gəlir mənbəyim də oradandır. Eyni zamanda, əməkdar artist kimi də məvacib alıram. Şükür Allaha, korluq çəkmirəm. Maddiyyat dalınca çox qaçmırıq. Qohum-əqrəba, hörmət etdiyimiz insanların toyuna qonaq gedib bir-iki mahnı oxuyuram. Ancaq buradan maddi gəlir güdmürəm.
- Xocalı faciəsinə Milli Məclisdə hələ də soyqırım adı verilməyib. Bu barədə nə deyə bilərsiniz?
- Mən birinci dəfədir bunu sizdən eşidirəm. Ola bilər elə şey yəni? Axı, hər il anırıq bu faciəni. Mən bunu bilmirdim, ancaq bir vətəndaş kimi gözləyirəm və əminəm ki, Xocalı soyqırımı tanınacaq. Bu, Azərbaycanın tarixidir və axır-əvvəl olmalıdır.
- Türkiyədə olduğunuz müddətdə müəllimlik də etmisiniz.
- Bəli. 1993-cü ildən 1999-cu ilə qədər Türkiyədə yaşamışam. Orada vokal üzrə dərs demişəm. Ümumiyyətlə, Türkiyədə çox müəllimlərimiz dərs deyir. 14 yaşından 40 yaşınadək tələbələrim var idi. Orada insanlar istedadlı birisini görəndə ondan nəsə öyrənməyə can atırlar. Türklərdən fərqli olaraq, bizdə belə deyil.
- Bir vətəndaş kimi yəqin ki, sizi də maraqlandırar. Telefon danışığına limit qoyulması, eyni zamanda aylıq abunə haqqının qaldırılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Tarif Şurasına müraciət edilib. Hər şeyin qiymətinin qalxdığı bir dövrdə sizcə, bu, nə dərəcədə düzgündür?
- 7 il Türkiyədə yaşamışam. Bir otaqdan o biri otağa keçəndə işığı söndürürdüm. Burada isə sayğaclar qoyulana qədər "əşi, nolar, yanır yansın" deyirdik. Enerjidən qənaətlə yox, israfçılıqla istifadə edirdik. Avropa ölkələrində, eyni zamanda Türkiyədə telefonla da çox danışa bilmirsən. Telefon danışığına limit qoyulmasına normal baxıram. Məncə, gücün çatdığı qədər dövləti istismar etməlisən. İstismarın yanında qənaəti də bacarmaq lazımdır. Saatlarla telefondan sallaşmamalıyıq. Əlbəttə, başa düşürəm ki, insanların imkanı yoxdur. Prezidentimizin canını Allah sağ eləsin. Yəqin maaşları da qaldıracaq. Ancaq daha yaxşı olardı ki, qiymətlər qalxmamışdan əvvəl maaşlar qalxaydı. Bu gün kənardan baxanda, görürsən ki, insanların hamısının maşını var, tikililər ucaldılır. Bu gözə belə görünür. Çünki üzdə olan budur. Başqa təbəqə də var, axı. Hansı ki, dolana bilmir, onun üçün yaşamaq çətindir. Digər tərəfdən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini də qınamaq olmur, o da qiymətlərə baxıb danışıq haqlarını qaldırır. Dünyanın hər yerində belədir. İşıq, su və digər kommunal haqlarını ödəməyə gələndə və insanlar onu ödəyə bilməyəndə problem üzə çıxacaq. Bir təqaüdçünün aldığı təqaüd tutaq ki, 50 manatdırsa, işıq pulu 20 manat gələndə, geyiminə, yeməyinə, dərmanına çatmayacaq. Bu, çox müşkül məsələdir. Düşünürəm ki, zamanla düzələcək. Hər şeyi Prezidentin boynuna qoymaq da düzgün deyil. Hər kəs öz sahəsində işləsə, hər şey yaxşı olar. Türkiyədən fərqli olaraq, bizdə qonşuluq da yoxdur. 4-5 maşını, neçə yerdə evi olan adam qonşusunun nə gündə yaşaması ilə maraqlanmır. Bu müsəlmanlığa, insanlığa xas olmayan şeylərdir.
- Çünki Türkiyədən fərqli olaraq bizdə dinimizə bağlılıq yoxdur.
- Düzdür. Orta məktəblərdə dini dərslərin keçilməsi üçün ölkə prezidenti təzəlikcə göstəriş verdi. Bu, məni o qədər sevindirdi. Artıq uşaqlarımız dinlərini orta məktəbdən tanıyacaq, kömək etməyi, əl tutmağı uşaqlıqdan öyrənəcəklər. Mən 33 yaşımda ibadətə gəlmişəm.

Yazdı: Lalə ( 3 nöqtə qəzeti )
 
 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 531 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 3)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər