Əcnəbilərə ərə gedən qızlarımızın əksəriyyəti xoş tale yaşamır

3.04.2007 Yazını böyüt :       

Onların çoxu sonradan fahişəliyə də cəlb olunur

X newsSon 10-15 ildə xaricilərlə nikaha girənlərin sayı kifayət qədər çox olub. Özü də daha çox qızlarımızın əcnəbi kişilərə meyli artıb. Amma çox təəssüf ki, onların böyük əksəriyyəti arzuladıqları ailə həyatına qovuşa bilməyiblər. Ya yad ölkənin adət-ənənəsinə uyğunlaşa bilməyib kor-peşman Vətənə dönüblər, ya da məcburən fahişəliyə cəlb ediliblər.

Ədliyyə Nazirliyi Respublika Vətəndaşlıq Vəziyyəti Aktları Arxivinin müdiri R.Kərimovanın verdiyi məlumata görə, 2005-ci ildə ölkədə 71619 nikah qeydə alınıb ki, onlardan da 1134-cü Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında bağlanıb. 2006-cı ildə isə əcnəbi vətəndaşlarla ailə həyatı quran azərbaycanlıların sayı bir qədər də çox olub, yəni 79420 nikahdan 1476-sı. Son iki ildə əcnəbilərlə nikaha girən azərbaycanlı qızların sayı oğlanlardan daha çoxdur.

Rəsmi statistika azərbaycanlı qızların 60-dan çox ölkəyə gəlin köçməsindən xəbər verir. Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsindən (VVAQ) əldə etdiyimiz siyahını nəzərdən keçirdikdə isə adamı təəccüb bürüyür. Demə, qızlarımızın ərə getdikləri ölkələr sırasında Afrika ölkələrinin, Əfqanıstanın, İraqın da adları var. Azərbaycanlı qızlar həyat yoldaşı seçərkən nə Somaliyə fərq qoyublar, nə də Çinə. Türkiyəyə ərə gedənlərin sayı isə daha çoxdur. Son 5 ildə rəsmi nikahla 500-dən çox azəri qızı qardaş ölkəyə gəlin köçüb. İranlılarla ailə quran xanımlarımızın da sayı az deyil. Əksəriyyəti Azərbaycanın cənub bölgəsindən olan qızlarımız 400-dən çox iranlını xoşbəxt edib. Xoşbəxtliyini Almaniyada da axtaranlar var. Almanlarla rəsmi nikaha girənlərin sayı 250 nəfərdir. Azərbaycanlı qadınlarla rəsmən ailə quran əcnəbi kişilər arasında İsrail (160), ABŞ (130), Böyük Britaniya (100), Pakistan (50), Əfqanıstan (32), İsveç (30), Birləşmiş Ərəb Əmirlikləri (30), Hindistan (25) və Səudiyyə Ərəbistanından (15) olanlar da az deyil. Təxminən 15-20 il öncə yatsaq yuxumuza da girməzdi ki, qızlarımız nə vaxtsa Əfqanıstan və Fələstin kimi müharibə bölgələrindən olan gənclərlə ailə quracaq.

Qeyd edək ki, hazırda Azərbaycanda xarici vətəndaşlarla bağlanan nikahlar, ancaq mərkəzi «Səadət» sarayında qeydə alınır. Burada azərbaycanlı qızı ilə evlənmək sevdasına düşən əcnəbi oğlandan ölkəsindən gətirdiyi subaylıq haqqında arayış və pasport tələb olunur. Həmin sənədlərlə birlikdə 100 ABŞ dolları məbləğində rüsum ödəyən əcnəbi kişi azərbaycanlı qızı ilə nikahını rəsmiləşdirə bilir.

Əcnəbilərlə ailə quran qızlarımızın içərisində nikahdan bir il sonra boşananlar da az deyil. Rəsmi statistikaya görə, 2005-ci ildə 60, 2006-cı ildə isə 58 boşanma faktı qeydə alınıb. Qeyri-rəsmi nikahların isə 40 faizindən çoxunun aqibəti ayrılmaqla nəticələnir ki, bu halda qadınlar hüquqlarını müdafiə edə bilmirlər.

Bir sözlə, milli mentalitetin min illər boyu hifz edə bildiyi özünəməxsus adət-ənənələrimiz bu gün yavaş-yavaş dəyişikliyə uğrayır. Vaxtı ilə qonşu kəndə qız verməyən bəzi Azərbaycan ailəsi indi əcnəbilərlə qohum olmaqdan çəkinmir. Görünür, yeni sivilizasiyalar, mövcud siyasi, iqtisadi, mədəni və sosial durum xalqımızın ənənələrinin dəyişməsinə böyük təsir göstərib.

Ədliyyə Nazirliyinin VVAQ idarəsində isə hesab edilir ki, son illər mülki vətəndaşlar arasında əlaqələrin genişlənməsi və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası bu cür nikahların sayının artmasına səbəb olub.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif də azərbaycanlı qızların başqa dindən olanlara ərə getmələrini mənfi qiymətləndirir. Onun sözlərinə görə, müsəlman o şərtlə başqa dinin nümayəndəsi ilə nikaha girə bilər ki, həmin əcnəbi İslam dinini qəbul etsin.

«Qadınlara Yardım» İctimai Birliyinin sədri, qadın problemləri üzrə ekspert Mehriban Zeynalovanın fikrincə, rəsmi nikahlara nisbətən qeri-rəsmi nikahların sayı dəfələrlə çoxdur: «Azərbaycanlı qızları kəbin yolu ilə müsəlman ölkələrinin vətəndaşları ilə nikaha girirlər. Təəssüf ki, bu cür ailə quranların əksəriyyəti insan alverinin qurbanlarına çevrilirlər. Xüsusilə Türkiyə, İran, Hindistan və Birləşmiş Ərəb Əmirliklərinə ərə gedən qızların bir hissəsi fahişəliyə cəlb olunurlar». Ekspertin fikrincə,  qızlarımızın xarici vətəndaşlara ərə getməsinin səbəbi təkcə onların evdə qalıb qarımaqdan qorxmaları ilə bağlı ola bilməz. Onun fikrincə, əcnəbilərlə nikah həm dövrün tələbi, həm də iqtisadi problemlər və psixoloji amillərlə əlaqədardır.

M.Zeynalova hesab edir ki, qızlarımız arasında macəra axtaranlar da var və onlar əcnəbi kişi ilə ailə qurmaqla həyatlarını daha maraqlı etməyə cəhd göstərirlər.

Bəs əcnəbiləri bizim qızların hansı xüsusiyyətləri cəlb edir? Ekspertin sözlərinə görə, xaricilər azəri qızlarının nəcib xüsusiyyətlərinə üstünlük verirlər. Bizim qızların ailəcanlılığı, evdarlığı, həyat yoldaşına sədaqətli olması əcnəbilərin xoşuna gəldiyi üçün onlar azərbaycanlılarla nikah bağlamağa tərəddüd etmirlər.

Vəziyyətdən çıxış yolu kimi əsasən qızların belə məsələlərdə diqqətli olmasını təklif edən təşkilat rəhbəri hesab edir ki, qızlar ərə gedərkən rəsmi nikahın bağlanmasına çalışmalıdırlar: «Rəsmi nikah bağlamış azərbaycanlı qızlar belə, fahişəliyə cəlb olunmaqdan sığortalana bilmirlər. Bizdə nikah bağlamış qızların da qadın alverinin qurbanlarına çevrildiyi barədə məlumatlar var. Buna baxmayaraq, rəsmi nikahla ailə quranların problemləri az olur, öz haqlarını qoruya bilirlər. Ən başlıcası, xaricilərə ərə gedən qızlar onları yaxşı tanımağa çalışmalıdırlar».

 

Yazdı: Elmidar Əliyev ( Gündəlik Azərbaycan )

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 1433 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 9)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər