MÜĞƏNNİ TÜNZALƏ NAMAZ QILMAĞA BAŞLAYIB

9.04.2007 Yazını böyüt :       
Xazar NameBu dəfəki "Şənbə qonağı"mız Tünzalə Ağayeva "sövdələşdiyimiz" vaxtda redaksiyamızda oldu. Televiziya ekranlarından çox sərt, özündənrazı bir xanım təsiri bağışlayan müğənni heç də ilk baxışdan göründüyü kimi deyilmiş. Söhbət zamanı buna əmin olduq. Özü də Tünzalə xanım qonaqlarımız arasında ən çox oxucu zənginə cavab verən müğənnilərimizdən oldu. Öncə Tünzalə xanımın son vaxtlar gördüyü işlərdən danışdıq. - Hazırda "Ölkəm" layihəsinin üzərində işləyirik. Böyük bir konsert proqramıdır. Proqramın bədii rəhbəri Cəmil Əmirovdur. İndiyə qədər etdiyim işlərdən tamamilə fərqlənir. Bizim böyük bir kollektivimiz var - "Savab" qrupu adlanır. Proqramda klassik əsərlərimizə önəm verilib. Layihə təbliğat məqsədi daşıyır. Azərbaycandan kənarda, Avropa səhnələrində səsləndiriləcək.
- Toylara gedirsiniz?
- Əhatəmiz şou bazarıdır deyə, səviyyəmə uyğun, mənə yaraşan, zövqlü publikanın qarşısında çıxış etməyə razılıq verirəm. O publikanın qarşısına çıxıram ki, orada əməlli-başlı ünsiyyət yarada biləcəyəm, orada intelligensiya var. 10 təklifin içindən birini bəyənib gedirəm. Redaksiyamıza ilk oxucu zəngi gəlir"::
- Salam, axşamınız xeyir.
- Salaməleyküm.
- Tünzalə xanım, sizi çox sevirəm. Mən sizi öpmək istəyirəm. Sizi o qədər çox istəyirəm ki, hətta televiziyada görəndə gedib ekranı öpürəm.
- Təşəkkür edirəm, əzizim, adınızı deyərdiniz.
- Mənim adım Gülzar xanımdır. Ermənistan qaçqınıyam, 65 yaşım var, təqaüdçüyəm. Çox istəyərəm ki, sizin konsertinizdə iştirak edim. Orada sizi yaxından görüm.
- Çox sağ olun, Gülzar xanım. Bu il payız ərəfəsində konsert verməyi düşünürəm. Konsertlərim daha çox başqa ölkələrdə olub. Siz nömrələrinizi redaksiyaya qoyun. Konsert zamanı inşallah gözəl bir müjdə ilə sizə xəbər verərəm, sizi konsertimə dəvət edərəm. Söhbəti özümüz davam etdiririk"::
- Dediniz ki, daha çox xarici ölkələrdə konsert verirsiniz. Bunun səbəbi nədir?
- Bunun iki səbəbi var. Birincisi, son zamanlar dövlət tərəfindən xaricdə konsert proqramı ilə çıxış etmək baxımından mənə daha çox iş tapşırılır. Diasporumuzun, Mədəniyyət və Turizm Nazirliyinin xətti, xaricdə yaşayan rəsmi şəxslərin sifarişi ilə daha çox işləyirəm. İkincisi isə bu gün tamaşaçıların zövqü məni qane etmir. Demirəm ki, həvəsdən düşmüşəm. Yox, mənim öz dinləyicim, məni istəyənlər var. Ancaq bir az ayağımı saxlamışam, müşahidə aparıram.
- Demək olar ki, burada konsert vermək üçün özünüzə tam əmin deyilsiniz?
- Yox, özümə əminəm, sadəcə olaraq, zövqün formalaşmasını müşahidə edirəm. Təəssüflər olsun ki, hələ kütlənin zövqü formalaşmır, əksinə, geriyə gedirik. Kütlənin qarşısında zövqlü təbəqə demək olar ki, yox dərəcəsindədir. Bu dəhşətdir. Ancaq keçici bir şeydir. Həmişə belə olmayacaq. Problemin kökü gedib Qarabağ məsələsinə çıxır. Qarmaqarışıqlığa dözməyib ölkəmizdən xeyli ziyalı təbəqə köçdü. Cəmiyyət dəyişdi, yüngülləşdi, mahiyyətini itirdi. Musiqiçilərimiz, müəllimlərimiz, akademiklərimiz Azərbaycanı tərk etdi. Məktəb dağıldı, biz indi yeni məktəb qururuq. Cəmiyyətdə bu saat at çapanlar boşluqdan istifadə edib ortaya çıxanlardır. Bu gün özünə hörmət edən insanlar kənara çəkilib baş verən dəhşəti görür və aciz qalırlar. Çox istərdim ki, o qüvvə ortaya gəlib sözünü desin. Oxucu zəngi söhbətimizi yarımçıq qoyur"::
- Alo, salam. Sevdadır danışan. Tünzalə xanım oradadır?
- Bəli, buyurun.
- Salam,Tünzalə xanım. Xaricdə keçirilən bir sıra müsabiqələrdə iştirak etmisiniz, özü də Vətənə qalib kimi dönmüsünüz. Niyə "Evrovision" müsabiqəsində işirak etmədiniz? Axı, siz həmin müsabiqədə iştirak etməyə potensialı olan müğənnilərimizdənsiniz.
-Təşəkkür edirəm. Bu, tək bir müğənninin səlahiyyətində deyil. Bizim ölkəmiz rəsmi şəkildə dəvət almalıdır, yaxud da ölkə olaraq biz ərizə verib istəyimizi bildirməliyik. Müraciətdən bir il sonra onlar cavab verməlidirlər. Sonra "Evrovision" yetkililəri buraya gəlməlidir. Onların iştirakı ilə yerli müğənnilərimiz arasında müsabiqə keçirilməlidir. Ekran başında tamaşaçılar səs verməlidir və ümumi şəkildə bir ifaçı seçilməlidir. Bundan başqa, bizə külli miqdarda pul lazımdır. Eşitdiyimə görə, rəsmi şəkildə 500 min dollar onların büdcəsinə keçirilməlidir. Ermənistan, Gürcüstan bu il orada iştirak edəcək. Mən ürək ağrısı keçirirəm ki, biz nə vaxta qədər oturub gözləyəcəyik. Bu gün Gürcüstanı təmsil edəcək xanıma, deyəsən, 1 milyon dollar vəsait ayrılıb. İştirakçı 3 dəqiqəlik çıxış üçün Avropa ölkələrinin birində ən azı 7-8 ay müntəzəm, sərt qrafiklə işləməlidir. Orada sadəcə müğənni deyil, Azərbaycan iştirak edir. Məsələnin başqa tərəflərii də var. Dəstəyi asmışdıq ki, başqa bir oxucu zəngi gəldi"::
- Salam, Tünzalə xanım. Cəmalədir. Nə vaxt solo konsert verəcəksiniz?
- Canım mənim, bayaqdan oxucular məhz o sualı verirlər. Bilirəm, darıxmısınız. Mən sizə söz verirəm ki, payızda gözəl zallardan birində konsert verəcəyəm. Yenidən oxucu zəngi gəlir"::
- Salam, Tünzalə xanım. Kəmalədir danışan. Sizə bir sualım var. Siz "İstəmirəm" mahnınızı Aygündən alıb Röyaya vermisiniz. Adıçəkilən müğənnilərin arasında baş verən qalmaqaldan sonra Aygün deyir ki, Röya mənim bek vokalım olub. Siz sənətə ilk addımlarınızı atanda iştiak etdiyiniz müsabiqələrin birində Aygün də münsiflər heyətinin tərkibində olub. Qorxmursunuz ki, nə vaxtsa sizə də "Tünzalə bek-vokalım olub" desin.
- Çox təəssüf edirəm ki, bizdə səriştə, peşəkarlıq bir az zəifdir deyə, çox anlamlar səhv düşünülür. Maykl Cekson ailəsinin tərkibində gözəl bek-vokalist olub. Tarkan bek-vokalist olub. Bek-vokal məktəbi keçən musiqiçinin qarşısında heç kim dayana bilməz. Bu, böyük bir peşəkar vokal məktəbidir. Sadəcə olaraq, bizim ifaçıların səriştəsi olmur deyə belə sözlər işlədirlər. Ancaq mən bunlara normal baxıram. Çünki hərə bir cür məktəb keçib, bir cür mədəniyyət görüb, kiminsə nədənsə xəbəri var, elə bilir ki, çox bilir, amma ondan o yana bildiyi yoxdur. Aygünə verdiym mahnıya gəlincə, məndən başqa ifaçı xanım həmin mahnını istədi, verdim. Bu, mənim müəlliflik haqqqımdı, çünki mahnımı hədiyyə edərkən, müəllif haqları yenə də məndə qalır. Başqa vaxt o mahnını özüm də oxuya bilərəm. Mən sadəcə heç nəyə girişmirəm. Daşlardır atırlar, qayıdıb onların özünə dəyir. Allahdan başqa heç nədən qorxmuram. Kimsə mənim haqqımda hansısa ifadəni işlədirsə, qoy işlətsin. Mən onların hamısını çox istəyirəm. Çünki onlar Allahın yaratdıqları bəndələrdir.
- Tünzalə xanım, bir sualım da var. Həmişə məni uşaq vaxtı maraqlandırırdı ki, görəsən, məşhurlar yemək yeyir, yoxsa yox? Bu yaşa çatmışam, bilirəm ki, nə yeyirlər. İndi də mənə maraqlıdır ki, görəsən, siz avtobusdan istifadə edirsiniz, ümumiyyətlə, marşruta minməkdən çəkinmirsiniz?
- Bu suala görə sizə minnətdaram. 5 ildir heç kim mənə bu sualı verməyib, mənim üçün orijinal sualdır. Bu qədər diqqətli olan ilk tamaşaçısınız. Mənim haqqımda hərə bir cür düşünür. Çoxu özümdən razı olduğumu deyir. Ancaq həyatda mahiyyətcə o qədər sadə insanam ki, görsəniz, məni tanımazsınız. Yerişimlə, geyimimlə, başımı aşağı salıb yanınızdan elə keçərəm ki, hiss etməzsiniz ki, ekrandan gördüyünüz insan 2 dəqiqə əvvəl yanınızdan keçdi. Küçə ilə getməkdə, yaxud marşrutdan istifadə etməkdə heç bir kompleksim yoxdur. Günü bu gün redaksiyadan çıxıb, marşruta minib evimə gedə bilərəm. Bəzi müğənnilər var ki, sifariş verirlər ki, aeroportda arxamca maşın gəlsin, dövlət səviyyəsində qarşılanım. Uçağın ən axırıncı yerində də oturaram. Mən Allaha bağlı insanam. Allah bizim üçün nə yaradıbsa, o vasitələrdən şükür edərək istifadə edirəm. Mənim üçün həyatda heç nə üstün deyil. Üstün olan bir Allahdır. Maşınım da işimə xidmət edən bir vasitədir, xarab olsa, piyada gedəcəyəm. Çörək almağa da, paltar almağa da özüm gedirəm. Hətta mənim sadəliyimi mənə nöqsan tuturlar. Avtomobil tıxacı olduğundan dəfələrlə eynəyi gözümə, papağı başıma salaraq mənzil başına piyada getmişəm. Heç kəs kimliyimi bilməyib. Düzdür, xasiyyətim çox tünddür, prinsipial insanam. Ancaq sadəliyimdən də qalmıram. Söhbəti özümüz davam etdiririk"::
- Mahnılarınızın sözlərini kim seçir? Demək olar ki, heç kmin müraciət etmədiyi, klassik şairlərə - Səməd Vurğun, Mikayıl Müşfiq, Əliağa Vahid, Süleyman Rüstəm və b. -na müraciət edirsiniz.
- Sözləri özüm seçirəm. Yeni mahnılara yazılan sözlərin çoxu məni qane etmir, bayağılıq var. Ancaq Baba Vəziroğlu, İsmayıl Dadaşov, İkram Əliyev, Əbülfət İslam, çox sevdiyim Ramiz Rövşənə də müraciət etmişəm. Oxucu zəngi gəlir"::
- Alo, salam, Tünzalə xanım, necəsiniz? Əminədir. Sizinlə danışmağıma çox sevindim. Niyə Azərbaycan müğənniləri kənarda tanınmırlar?
- Bu sualın kökü uzaqlara gedib çıxır. Biz 70 il Sovet İttifaqının tərkibində olmuşuq. Hər şeyə sıfırdan başlamışıq. Dünya arenasına əsasən çoxdan müstəqillik əldə edən Amerika və Avropa ölkələri çıxır. Digər tərəfdən, hər bir ölkənin MTV musiqi kanalı var. Sputniklə hamı o kanallarda digər ölkələrin ifaçıları ilə tanış olurlar. Özü də ölkələr ifaçını oraya çıxarmır. Bu, çox mürəkkəb bir işdir. O arenaya girmək lazımdır. Bunun üçün də böyük pul vəsaiti və əlaqələr lazımdır. İşlərimiz ona doğru gedir. Əsas odur ki, Azərbaycandan kənarda layiqlilərimiz təmsil olunsun. Azərbaycan kanallarında daha çox hansı kliplər yayımlanır? Siz özünüz deyin, Əminə xanım.
- Türk klipləri.
- Nəinki türk klipləri, afrikalılar, amerikanlar, almanlar, ingilislər, nə qədər istəyirsiniz var - özü də ekrana pulsuz-parasız çıxarırlar. Düzdür, efirə çıxarkən həmişə mənə hörmət olub. Ancaq elə istedadlılar var ki, onlar pulsuz heç bir yerə çıxa bilmirlər. Onun klipinin əvəzinə əcnəbiləri seyr etməli oluruq. Tutaq ki, bir əcnəbi hansısa ölkədə oturub peyk vasitəsilə Azərbaycan kanallarından birini açdı. Orada Azərbaycan müğənnisini görməyəcək. Yenə həmin zəncini, həmin Madonnanı, Maykl Ceksonu görəcək. Problem özümüzdədir. Biz özümüz-özümüzü təbliğ etməyi bacarsaq, dünya bizi tanıyacaq. Söhbəti özümüz davam etdiririk"::
- Kitab oxuyursunuz?
- Son zamanlar dini kitablar oxuyuram.
- Belə başa düşdüm ki, namaz qılırsınız...
- Hə, ancaq bunu yazmaq üçün demirəm.
- Bəs, dünyada, Azərbaycanda baş verən xəbərləri necə, izləyirsiniz?
- Prodüsserim son zamanlar bunu mənə nöqsan tutur. Bir az aralanmışam. Amma lazımdır. Vaxtım olan kimi izləyirəm.
- Amerika İrana hərbi müdaxilə etmək fikrindədir. Necə düşünürsünüz, bu, nə dərəcədə düzgündür?
- Müharibə həmişə pisdir. Biz qan tökülməyin nə olduğunu bilirik. Nəzərə almalıyıq ki, orada bizim soydaşlarımız var. Dəhşətli olan isə budur ki, əsrlərdir başqa qövmlər müsəlmanların sayını azaltmağı qarşılarına məqsəd qoyublar. İraqda, Əfqanıstanda baş verənlər buna misaldır. Acınacaqlıdır. O adam qarşısına məqsəd qoyub ki, məhz müsəlmanları qıracam, dəhşətdir. Özü də çox şeylər törədib müsəlmanların adına çıxır, islamı ləkələyirlər.
- Sizcə, qadın üçün karyera, yoxsa ailə əsasdır?
- O qadın ki, hər ikisini əlində saxlamağı bacarır, deməli, bacarıqlıdır. İş və ailəni iki ata bənzətmək olar. Hər ikisi qaçır, xasiyyətləri müxtəlifdir və onların ikisini də saxlamaq çətindir. Balansı saxlaya bilən, hər iki yəhəri əlində saxlaya bilən qadın güclüdür. Amma tərəziyə qoyanda ananın çəkisi daha çoxdur. İctimai xadim, lider ola bilərsən, amma ana kimi vəzifənin öhdəsindən gəlməyə bilərsən. Ananın missiyası daha çətin, daha məsuliyyətlidir. Çünki ana cəmiyyət üçün yeni vətəndaş bəxş edir.
- Demək olarmı ki, Tünzalə Ağayeva ailəsini karyerasına qurban verdi?
- Yox, mən heç nəyimi qurban verməmişəm. Allah-Təala verdiyi qisməti bəndəsi üçün o qədər düzgün yazır ki, bizim haqqımız yoxdur ki, "niyə mən sol qolumu itirdim, sağ əllə qaldım, yaxud gözlərimi itirdim" deyək. Hər şeyə şükür etməliyik. Bu gün şükür edirəm ki, hansısa bir etap yaşadım və o etapda nəsə əldə etdim. Mən bu gün heç nəyi itirməmişəm və Allahın köməkliyi ilə də itirməyəcəyəm. Allah-Təala ancaq mənə qazandırır.

Mənbə: Üç nöqtə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 448 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 4)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər