Nisə Qasımova səhnədə eksperiment edəcək
14.06.2007 Yazını böyüt :Müğənni hesab edir ki, müxtəlif simalarla gözləri yoran bəzi sənət adamlarının səviyyəsinə diqqət yetirilməlidir
Əməkdar artist Nisə Qasımovaya xarici ölkələrdən yaradıcılıq təklifi gəlib. Müğənni bu ayın ortaları Rusiya və Orta Asiya səhnəsindən konsert proqramını təqdim edəcək. Müğənni qeyd etdi ki, silsilə xarakterli musiqi proqramı paytaxt Bakıda da təqdim ediləcək. Sıradan bir çıxışla səhnəyə çıxmaq istəmədiyini söyləyən müğənni yeniliklər axtarışındadır. Gəldiyi qənaət isə tezliklə Bakının konsert salonlarının birində həllini tapacaq. Müğənnidən Yaşıl Teatrda çıxış edəcəyi xəbərini aldıqda isə tərəddüd edərək, bu barədə hələ düşündüyünü söylədi.
Özünü şou-biznesin yaradıcılarından sayan müğənni onun yolunun bəzi istiqamətlərdə azdırıldığından şikayət etdi. Əməkdar artist düşünür ki, bunun səbəkarlarından biri tele-kanal mənsublarıdır. Müğənni hesab edir ki, hər həftə müxtəlif simalarla gözləri yoran bəzi sənət adamlarının kimliyinə, səviyyəsinə mütləq diqqət yetirilməlidir. O, hesab edir ki, boş söz yığını ilə efir vaxtını almaq olmaz:
"Konsertləri standartlardan çıxarmaq lazımdır. Əksər sənətçilərin konsertini eyni süjet xətti təşkil edir. Fərqlənmək istəyənlər isə bunu ifaları ilə göstərmirlər. Gəlin Avropadan gələn yaxşı ənənələri özümüzə yaxın buraxaq. Görürsünüz ki, günü-gündən ənənələr dəyişir, müasirləşir, amma keyfiyyəti itirmirlər".
Rusiya şou-biznesindən misal çəkən müğənni qeyd etdi ki, böyük konsertlərə təsadüfi ifaçılar çıxarılmır. Hökumət buna xüsusi diqqət yetirir. Müğənni xarici görkəmi deyil, səsi üzərində çalışır, imkanlarını artırır. Nisə xanım hesab edir ki, bizdə bunun əksi inkişaf edib. Müğənni öz müşahiədələrinə əsaslanaraq söyləyir ki, gəncləri şou-biznesə gətirən ən qısa yol mübahisələr, atmacalar, tənqidi fikirlərdir. O, gəncləri sağlam düşüncə ilə hərəkət etməyə çağırır: "Musiqimizin gələcəyini onlara etibar edirik. Amma bəzən ümidlərimizi doğrultmayacaqlarından narahatam. Çünki biliklənmək, milli musiqimizə arxalanmaq istəmirlər. Müasirləşmək arzusu ilə yollarını azırlar. Yaxşıların sayı çox azdır, onlara da diqqət yetərincə göstərilmir".
Yazdı: XATUN (Ayna)
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

