Aygün Kazımova: "Fonoqramın həcmini azaltmaq lazımdır"

15.06.2007 Yazını böyüt :       

 Müğənninin fikrincə, bu, estradanı inkişafdan saxlayır

      
X news  Uzun müddət Röya ilə çalışan prodüser Tolik sonradan Aygün Kazımova ilə işləməyə başladı. Amma bu əməkdaşlığın ömrü çox qısa oldu. Keçmiş prodüserin qəzetimizə verdiyi məlumata görə, o, artıq Aygün Kazımova ilə işləmir. O bildirdi ki, müğənninin stadionda təşkil olunacaq konserti üçün 25 min ədəd bilet çap edilib. Biletin qiymətinin 5 manat olmasına baxmayaraq, iyunun 3-dən bu günə qədər cəmi 81 bilet satılıb. Tolik "mən onun adına bu konserti təşkil etmək istəmişəm. Əgər Aygün Kazımovanın adına az sayda bilet satılıbsa, bu, mənim günahım deyil" deyən Tolik Aygünlə ayrılmağına bu məsələdən yaranmış mübahisənin səbəb olduğunu söylədi.
Mübahisə Aygün xanımla müsahibəmiz ərəfəsinə təsadüf etdiyindən ilk sualımızı Tolikin ittihamları ilə başladıq.
- Konsertə həqiqətən də 81 bilet satılıb?
- Yalnız onu deyə bilərəm ki, Tolik çox bacarıqsız prodüserdir. O, yalançı və fırıldaqçıdır. Konsertin biletlərinin böyük hissəsi artıq satılıb. Tolik sponsorlardan əvvəlcədən pul alaraq mənimsəyib. Onu prodüser kimi işinin öhdəsindən gələ bilmədiyi üçün mən qovmuşam. Bu mövzuda artıq danışmaq istəmirəm. Çünki adını çəkdiyiniz insan payına düşən cavabı artıq alıb.
- "Heç bir ümmət əvvəldən nə əcəlini qabaqlaya bilir, nə də onu yubada bilir". Aygünü bu kəlama müraciət etməyə vadar edən səbəb nə idi?
- Sonuncu klipimi çəkəndə Fuad Əlişova dedim ki, kadr bitəndə bu ifadəni titrlərə əlavə etsin. Həyat yalnız şənlənməkdən, sevinməkdən, gülməkdən ibarət deyil. Hər bir insanın qəlbinin dərinliklərində ağır anları, hansısa itkiləri var. Mən də kiçik yaşımda - valideynlərimi itirəndə elə ağır günlər yaşamışam. Ona görə də "İstəyirəm" mahnısını ifa edəndə məhz o anları yenidən yaşadım.
- Bunu tamaşaçı bir az gec qəbul etdi...
- Aygün həmişə şıltaq ola bilməz. Əslində bu şıltaqlığı daha çox səhnənin xatirinə edirəm. Özümə çəkiləndə sakit və qəmgin oluram. Keçirdiyim günümü təhlil edirəm. Sonuncu klipim iç dünyamdan xəbər verir. Tamaşaçının görə bilmədiyi iç dünyamda valideyn nisgili, sağalmayan yaralarım var. Bu məni həmişə ağrıdıb. Sadəcə, istəməmişəm ki, bu notlara toxunub, tamaşaçılarımın ürəyini ağrıdım. Digər tərəfdən, mən yeni səhnəyə çıxan müğənni deyiləm ki, qəmli mövzularla diqqəti özümə cəlb edim.
- Valideyn nisgili yaşayan Aygün Kazımova özü övladına layiqli ana ola bilirmi?
- Səhnə adamlarının əksəriyyəti övladlarına çox vaxt ayıra bilmirlər. Təbii ki, İlqarə də müğənni qızıdır, yaxşı bilir ki, günümün çox hissəsini sənətimə həsr edirəm, mahnılar yazdırıram, klip çəkdirirəm, konsert verirəm, qastrola gedirəm və s. Vacib olan budur ki, az müddət də olsa, övladına çox şey verə biləsən, ona yaxın olasan, övladınla həm ana, həm həm də dost münasibəti qurasan. Mən bunu bacarıram. İlqarənin də mənə həmişə ehtiyacı var. Onunla tez-tez dərdləşirik. Musiqini yaxşı duyur, amma mən onun müğənni olmağını istəmirəm. Çünki zövqlər, tələbat dəyişib.
- Estradanın indiki dövrünü necə təhlil edirsiniz?
- Səhnədə çatışmayan məqamların sayı olduqca çoxdur. Əksər müğənnilərimiz, guya, Avropa şou-biznesi ilə ayaqlaşmaq istəyirlər. Əgər Avropaya baxırlarsa, Avropa səhnəsində çıxış edən müğənniləri izləyirlərsə, onların dediklərini danışırlarsa, heç olmasa, bu, onların sənətlərində də özünü göstərsin. Çünki artıq Avropa musiqini soyunmaqla müasirləşdirmir. Bu ötüb keçmiş tendensiyadır. Yeni improvizələr axtarırlar, ölkə musiqiçiləri ilə daim mübadilələr aparırlar. Bu həm inkişafdan xəbər verir, həm də imkanları genişləndirir. Çox təəssüf ki, Azərbaycanda əksər estrada müğənnilərinin səhnəyə ilk addımı soyunmaqla başlayır. Amma mikrofonu necə tutmağın qaydalarını bilmirlər. Subyektiv fikrimi söyləmək istəyirəm: Azərbaycanda fonoqramın həcmini azaltmaq lazımdır. Bu, estradanı inkişafdan saxlayır. Müğənni fonoqrama alışandan sonra canlı oxumağı unudur.
Təəssüflə deyə bilərəm ki, bu gün şou-biznes deyilən bu anlamın özəyini ürəkbulandıran mübahisələr, qeybətlər təşkil edir. Hərdən məni də buna alət edirlər. Özümü bu aləmdən təcrid edə bilmərəm. Çünki olanımız budur. İndi çox az sayda müğənnilər var ki, onlara hərtərəfli inkişaf etmiş sənətçi demək olar.
- "Şou-biznes haqqında" qanun qüvvəyə minərsə, bir faydası olacaq, yoxsa bəzi qanunlar kimi elə kağız üzərində qalacaq?
- Yox, qalmayacaq. İnanın mənə, vaxt gələcək, indi efirdə görünən o müğənnilərin heç biri sənətdə olmayacaq. Hansı səviyyəyə layiqdirlərsə, elə orada qalacaqlar. Onlar üçün ekran, böyük səhnələr əlçatmaz olacaq. Bunu mən sizə deyirəm. Bilirsiniz, tək əldən səs çıxmaz. Siz bir tərəfdən, biz bir tərəfdən, qanun bir tərəfdən, səhnəni belələrinin əlindən təmizləməliyik.
- Fəxri ada ehtiyac var?
- Fəxri adlara ehtiyac var. Ççnki alın təri ilə çalışan sənətçi haradasa öz əməyinin qiymətini alır. Amma fəxri ad hərəyə bir cür lazımdır. Kimisi fəxri adı almaq istəyir ki, sonra desin, "sən o vaxt mənim haqqımda nə deyirdin?" Yəni özündən razı danışmağa başlasın. Kimisi isə işinin, əziyyətin bəhrəsini görəndə sevinir, daha da ruhlanır. Elə müğənnilər tanıyıram ki - elə siz də onları yaxşı tanıyırsınız - mən münsiflər heyətində təmsil olunub, onun ifasını dəyərləndirmişəm, ona müsabiqədə yer vermişəm. İndi o müğənni mənə salam vermir. Görün, nə vəziyyətdir. Belələrini sağlam düşüncəli hesab etmirəm. Mənə elə gəlir ki, onların problemləri var. Atalar məsəli var: "Ağac nə qədər bar versə, başını aşağı əyər". Nə vaxt görmüsünüz ki, istedadlı, layiqli adam bu cür hərəkətlər etsin?
- Bu kompleks nədən yaranır?
- Bütün komplekslər insanlarda uşaqlıqdan qalır. Ola bilər, onlar uşaqlıqda kollektivdə qəbul olunmayıblar, sözlərinə önəm verilməyib. Böyüdükcə bu hiss onların içində artıb, inkişaf edib. Məsələn, səhnədə elə balacaboy insan tanıyıram ki, o gün mənim yanımda balacaboy uşağa irad tutdu. Qayıtdı ki, "bunun boyuna bir bax". Düşünmür ki, sənin az qala 50 yaşın var, boyun bu boydadır. Onun 12 yaşı var, hələ böyüyəcək. Mənim o insana yazığım gəlir.
- Sizə də irad tutulur ki, vaxtı ilə səhnəyə açıq geyimlərlə gələn Aygün indi bu cür geyinənləri tənqid edir...
- Çoxları elə düşünür ki, mənim uğur qazanmağımın səbəbi açıq geyinməyim olub. Bu, yanlış fikirdir. Moskvada yaşayarkən oradakı səhnə eksperimentlərini öz üzərimdə sınaqdan çıxardım. Mən sərbəstliyə işarə vururdum. Amma indiki müğənnilər qədər soyunmurdum. O vaxt belə fikir meydana çıxdı ki, mən məhz soyunmaqla məşhur oldum. Əsla, bunu məşhurlaşmağın yolunu axtarıb tapmayanlar belə düşünürlər. Mən məşhur olacağıma inanırdım. Moskvadan gələrkən içimdə illərin enerjisi yığılıb qalmışdı. Onları soyunmaqla deyil, yaradıcılıq imkanlarımı göstərməklə başladım. Açıq havada Zeynəb Xanlarovadan sonra ikinci çıxış edən müğənni oldum. Silsilə layihələr hazırladım. Hamısı qəbul olundu, eləcə də soyunmağım.
Zeynəb Xanlarova bir dəfə telekanallardan birində dedi ki, "Aygün neyləsə, ona yaraşır". Çünki mən təbiətcə beləyəm, iki simam yoxdur. Amma məni təkrarlayanlar rola girirlər, axı etdikləri hərəkət özlərininki deyil. Yamsılamaqla özləri ola bilmirlər. Ona görə də ulduzları tez sönür. Bəziləri gecə-gündüz danışırlar ki, "plastik əməliyyat etsəm, belə olacaq, elə olacaq". Elə müğənnilər var ki, onlara plastik əməliyyat da kömək etməyib. Onu doğulanda əməliyyat etdirmək lazımdır ki, böyüyəndə istədiyi kimi görünə bilsin. Səhnə gözəllik tələb edir. Gözəllik uğurun 50 faizidir.
- Gözəlliyi ilə fəxr edən müğənni Aygün qadın kimi xoşbəxtliyini tapıb?
- Tanrımdan çox razıyam. Çünki ömür yolumu ona etibar etmişəm və heç vaxt da büdrəməmişəm. Ümumiyyətlə, həyatda aza da qane olan insanam. Hər şeyim var. Eyni zamanda da qadın xoşbəxtliyim. Mənim düşüncəmdə maddi maraq sonda gəlir. Öncə mənəviyyatımı doydururam. Ona görə də gözütox insanam.    
 


Yazdı:   XATUN (Ayna)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 334 dəfə Çap variantı
Reyting: Reyting: 3 (səslər: 4)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər