Burnunuz tez-tez qanayırsa...
19.06.2007 Yazını böyüt :Qızmar yay günlərinə doğru gedirik.
Havaların istiləşməsi ilə əlaqədar orqanizmdə təbii olaraq müxtəlif çatışmazlıqlar, eyni zamanda burun qanaması meydana çıxır və belə hallar mövsümdən asılı olaraq, daha çox artır. Burun qanamasına uşaq və ortayaşlı adamlarda daha çox rast gəlinir.
Burun qanaması ön və arxa burun qanaması olmaqla, iki hissəyə bölünür: ön burun qanamaları, arxa burun qanamaları. Ön burun qanamaları burunun orta hissəsindəki nazik damarların çatlamasından qaynaqlanır. Bu damarlar çox nazik və tez qırılan olduğu üçün adi dırnaq toxunuşu ilə də qanayır. Bu tip qanamalar daha çox uşaq və yeniyetmələrdə baş verir. Arxa burun qanamaları isə təzyiqi yüksək olan insanlarda və ciddi üz yaralanmaları zamanı yaranır. Boğazdan ağız və burun nahiyəsinə doğru davam etməklə meydana gələn bu qanamalara əsasən orta və yaşlı insanlarda rast gəlinir.
Ön burun qanamalarına isti və quru hava şəraiti səbəb olur. Bunun üçün burun nəmləndiricilərindən istifadə etmək, həmçinin buruna zeytun yağı damızdırmaq, burunun içinə nəmləndirici krem vurmaq məsləhətdir. Qanama zamanı başı geriyə doğru əymək düzgün deyil, belə etdikdə qan boğaza axa bilər. Dik oturmaq, buruna pambıq tampon, burun və yanaqlara buz qoymaq lazımdır. Təkrar qanama olmaması üçün çalışın fınxırmayın, ağır şeylər qaldırmayın, yaşadığınız otaqda rütubətin normal olmasına çalışın. Daha ağır hallarda isə həkimə müraciət edin.
Mənbə: Zaman
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

