Azərbaycan təmsilçilərinin çıxışını zaldakı çoxsaylı həmvətənimiz izləyib.
Serbiyanın Belqrad şəhərində «Avroviziya 2008» yarışmasının birinci yarımfinalı artıq başa çatıb. Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin çıxışı saat 00.30-a təsadüf edib. Onlar “Day after day” mahnısını ifa ediblər. Həmvətənlərimizin çıxışını zaldakı çoxlu sayda azərbaycanlı da izləyib. Azərbaycan təmsilçiləri 7-ci sırada finala vəsiqə qazanıblar. Ermənistan isə səkkizinci yeri tutub.
Qeyd edək ki, bu il yarışmada 43 ölkə iştirak edəcək və bu, rekord say hesab olunur. Onlardan 32-i mayın 20-də və 22-də keçiriləcək yarımfinallarda iştirak edəcək. Mayın 24-də baş tutacaq finalda isə iştirakçılara ev sahibi Serbiya və müsabiqənin yaradıcısı olan daha 4 ölkə də qoşulacaq.
Avropa şou-biznesinin ən nəhəng hadisəsi Belqraddakı universal səhnə kompleksində keçirilib. Tədbirin aparıcıları tanınmış serb müğənnisi Jelko Yoksimoviç və teleaparıcı Yovana Yankoviçdir. «Avroviziya»nın təşkilində əsas məsələ təhlükəsizliklə bağlıdır. Kosovo insidenti ilə əlaqədar olaraq, polis dəstəsi ilə bərabər müsabiqənin 500 nəfərlik mühafizə xidməti də yarışmanın keçirildiyi ərazidə təhlükəsizliyi qoruyub. Festivalın qonaqlarının sayı isə 15 min nəfərdən artıqdır. Serbiya KİV-nin məlumatına görə, yarışmanın keçirilməsi ilə əlaqədar Belqradda mehmanxana qiymətləri 100 faiz artırılıb, paytaxtın «Nikola Tesla» hava limanında isə tansi sürücüləri şəhərə qədər sərnişin daşınması üçün astronomik qiymətlər müəyyənləşdirib. Yarışmanın rəsmi internet səhifəsinin məlumatına görə, «Avroviziya»ya bütün biletlər hələ iki ay əvvəldən satılıb.
Qeyd edək ki, Azərbaycandan istinələn ölkənin adını 8440 nömrəsinə SMS-lə göndərməklə dəstəkləmək olar. Bir SMS-in qiyməti 0,50 AZN-dir. Bir telefon nömrəsindən maksimum 20 səs göndərmək olar. Yalnız başqa ölkədən Azərbaycana səs göndərmək olar.
Azərbaycan yalniz mayın 20-də keçiriləcək 1-ci yarımfinalda olan ölkələri dəstəkləyə bilər.
Mənbə: /ANSPRESS/