Tamaşaçı əsəb keçirir...
3.06.2008 Yazını böyüt :
Televiziyalarımız getdikcə peşəkarlıqdan uzaqlaşır.Efir böyük tribunadır. Və bu tribuna bu gün bir çox telekanallar üçün geniş imkanlar yaradır ki, nə yazıq telekanallarımız bunun dəyərini lazımınca qiymətləndirə bilmirlər. Tez-tez televiziyanın böyük təbliğat vasitəsi olduğunu söyləyirik.
Əslində həqiqətən televiziya ilə həm tərbiyələndirmək, həm də əksinə, əxlaqsızlıq, mənəviyyatsızlıq aşılamaq mümkündür. Bu gün televiziya mövzusuna toxunmağımız da əbəs deyil. Məsələ orasındadır ki, bu gün Azərbaycan teleməkanlarının durumu narahatlığa əsas yaradır. Efirlərimizi izləyən tamaşaçı əsəb keçirməyə başlayır. Axı televiziyanın ümdə vəzifəsi tamaşaçını məlumatlandırmaq, maarifləndirmək, istirahətə şərait yaratmaqdır. Bəs görən bizdə necə, bu prinsiplər nəzərə alınırmı? Əsla yox. Yəqin fikrimizlə razılaşanlar tapılar. Çünki televiziyalarımıza baxarkən əsəbiləşməmək mümkün deyil. Əvvəla, ona görə ki, efir mədəniyyəti demək olar ki, nəzərə alınmır. Efir bir çoxlarının şəxsi intriqalarının tribunasına çevrilib. Daha çox isə televiziya sektorunda istirahət saatları üçün nəzərdə tutulan verilişlərdə dincəlmək əvəzinə tamaşaçı əsəb gərginliyi keçirməyə başlayır. Xüsusilə də əyləncəli, şou xarakterli verilişlər sənətçilərin sənət meydanından daha çox rinqi xatırladır. Sadəcə, idmandakı rinqdən fərqli olaraq bu rinqdə söz, təhqir, söyüş davasında kimin güclü olduğunu təqdim edirlər. Vallah, onlara gülən olmasa, bu gün-sabah efir vasitəsilə biri-birini suçlayıb, döyüşsələr, heç də təəccüblənmərik. Əslində bir-iki dəfə belə məqamlara da rast gəlmişik, sadəcə deyəsən, şükür etməliyik ki, hələ ki bu hallar mütəmadi xarakter almayıb. Bunun isə günahkarı elə ilk əvvəl telekanallardır. Efirdə hər saniyənin, dəqiqənin pul olduğunu nəzərə alsaq, onda görün, teleməkanlar bu gəlirli biznes sahələrini necə ucuz qiymətləndirirlər. Ya da deyəsən, biz bu məqamda yanlışlığa yol veririk. Daha dəqiq desək, telekanallarımızın biznes "uğurlarını" lazımınca qiymətləndirə bilmirik. Axı bir məqamı diqqətdən qaçırırıq ki, reklamla yanaşı, telekanallar bu gün şou-biznesdən də lazımi qədər biznes əldə edirlər. Yəni sənətçilər vasitəsilə maliyyə imkanlarını genişləndirirlər. Bir çox sənətçilər hər hansı problemlərini, həmkarları ilə olan şəxsi münasibət və intriqalarını çözmək və ya çatdırmaq üçün telekanallara para xərcləməli olurlar. Ya da bəzi sənətçilər sponsorlarının hesabına efirləri satın alır, efir məkanına yaraşmayan, tərbiyəsiz, əxlaqsız açıqlamalar verməyə can atırlar. Təəssüf ki, bu gün bəzi istisnaları nəzərə almasaq, şou-biznes sakinləri kanalları şəxsi mənafeləri üçün istifadə etməyə başlayıblar. Ən dəhşətlisi isə odur ki, bu o qədər asanlaşıb ki, pulu və ya müəyyən güclü əlaqəsi olanlar efir vasitəsilə ağına-qarasına baxmadan istənilən insanı təhqir edə bilirlər. Bu rəzilliyin nə vaxta qədər davam edəcəyi isə maraqlıdır. Maraqlısı isə odur ki, telekanal rəhbərləri bunları aradan qaldırmaq əvəzinə, şou-biznesin belə cılız nümayəndələri üçün şərait yaradırlar. Bəs görən, teleməkanlar nüfuz məqamını necə unudurlar? Axı efirdə təqdim olunan rəzillik həm də onların ayağına yazılır. Telekanalların təqdim etdikləri proyektlərin, verilişlərin böyük əksəriyyəti də rəzillikdən başqa heç nəyə xidmət etmir. Aparıcıların səviyyəsiz mövzuları, danışıqları, süni ünsiyyətləri ürək bulandırır. Bir çox proyektlər isə Türkiyə və digər ölkələrin proyektlərinin oğurluq versiyasıdır. Sadəcə, oğurluğu da elə peşəkarlıqla etmək lazımdır ki, çirkin görünməsin. Artıq Azərbaycan ailələri televiziya düyməsini ehtiyatla basmağa məcbur olurlar. Çünki ekran açılarkən valideyn kiçikyaşlı övladının bu dəfə hansısa söyüş və ya çirkin görüntünün şahidi olacağından ehtiyat edir. Televiziya budurmu? Təbliğat, maarifləndirmək bu yollamı həyata keçirilir? Biz demirik ki, telekanallarımız süniliyə meyil göstərsinlər, standart olsunlar, əyləncəli verilişlərin nümayişinə sədd qoysunlar. Dediyimiz odur ki, bütünlükdə tamaşaçı zövqünü nəzərə alsınlar. Heç bir tamaşaçı borclu deyil ki, şou-biznes sahəsində şəxsi intriqalar üzündən biri-birini təhqir edən sənətçilərin qeyri-etik fikirlərini eşitsin. Bəzən isə çözüm üçün asan yola əl atırlar ki, baxmaq istəməyən tamaşaçı televiziyanın düyməsini dəyişsin. Televiziya tamaşaçı üçün çalışırsa, tamaşaçının hüquqlarını pozmağa ixtiyarı yoxdur. Çünki istənilən halda tamaşaçı fikri önəmli və əsasdır. Son vaxtlar televiziya aparıcılarına da o qədər geniş imkanlar verilir ki, onlar efir məsuliyyətini unudub istədikləri küçə danışığını efirdə nümayiş etdirirlər. Kimisi ağzını əyə-əyə, söz ağzından tökülə-tökülə danışmaq manerasına üstünlük verir, kimisi də bəzi müğənnilər kimi əzilib-büzülür. Heç bəzən efiri izləyərkən kimin qadın, kimin kişi olduğunu da ayırd etməyə çətinlik çəkirsən. Ay telekanallar, üzümüzü sizə tutub deyirik ki, efir rəzalətləriniz nə vaxta qədər davam edəcək? Axı bizə özümüzlə yanaşı düşmənlər də baxır, milyonlarla xarici tamaşaçı da. Bəs deməzlər ki, ay özlərini mədəniyyətin, musiqinin beşiyi hesab edən azərbaycanlılar, elə mədəniyyətiniz, səviyyəniz, tərbiyəniz bu qədərdir? Belə mədəniyyət, belə mənəviyyat nümayiş etdirməyə nə var ki? Bizim 10-15 il əvvəl keçdiyimiz bu yolu indi keçib, özünüzü avropalı ilə müqayisə etmək fikrindəsiz? Barı 10 il öncə etdiyimiz proyektləri bu gün "kopya" edərkən 21-ci əsrdə yaşadığınızı da unutmayın.
Yazdı: Tahirə ( Şərq qəzeti )
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Çirkin kişilər niyə daha cazibədardır?
Dünyanın Dayandığı Gün - The Day the Earth Stood Still
Ürəyi xəstə olanlar yatarkən yun corab geyməlidirlər
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

