Layihə rəhbəri özünə güvənir.
Xəbər verdiyimiz kimi, şoumen Murad Dadaşov tamaşaçılara hər hansı realiti-şou yox, serial təqdim edəcək. Özü də 1 yox, 2 serial. Hər zaman komik obrazlarda gördüyümüz şoumenin çəkəcəyi seriallardan biri dramatik janrda olacaq: "Rəhbərlik etdiyim "M-group production"la bundan sonra ancaq filmlər, seriallar çəkməyi düşünürəm. İlk addımımı serial çəkməklə atacağam. Bunlardan 1-i dramatik, digəri isə komediya janrında olacaq. Hazırda dramatik janrda olan serial üzərində işləyirəm. Məni ən çox bu film maraqlandırır. Türkiyənin "Cinema yapım" şirkətinin nümayəndələri ilə danışıq aparırıq. Yaradıcı heyət qrup şəklindədir. Burada Türkiyədən, Fransadan, Rusiyadan, Azərbaycandan işçilər olacaq. Filmin məsləhətçiləri və nəzarətçiləri fransızlardır. Artıq çəkilişlərə başlamışıq". Maraqlısı odur ki serialda çəkilmək üçün əsasən qeyri-peşəkarlara müraciət ediləcək. Murad Dadaşovun dediyinə görə, çünki tanınmış aktyorların iştirakı böyük sərmayə tələb edir. Amma Murad serialın bir iştirakçısının adını bizə açıqladı. Bu, məşhur sənət adamı, xalq artisti Mübariz Tağıyevdir. Murad Dadaşov özü isə rola çəkilməyəcək: "Filmdə əsas rollardan birinin ifaçısı kimi çıxış etməyi düşünmürəm. Burada mən layihənin rəhbəri kimi çıxış edəcəyəm. Əgər mənə uyğun kiçik bir obraz olsa, canlandıraram. Onu da deyim ki, mənim seriallarım son vaxtlar meydana çıxan uğursuz filmlərə bənzəməyəcək". Murad Dadaşov seriallarla yanaşı, yeni realiti-şoular da hazırlayır: "Veriliş üçün çox təkliflər gəlir. Hazırda onlardan biri üzərində çalışırıq. Proqramın aparıcısı ya mən, ya da İlham Qasımov olacaq. "Gombullar" şousuna gəldikdə isə bu verilişin açılması hələ də gündəmdədir. Bu, əyləncəli bir layihə deyil, böyük tibbi, sosial bir proqramdır. Hələ ki bəzi səbəblər ucbatından gecikir".
Yazdı: Xatirə (Həftə içi)