Toyun vaxtı hələ dəqiqləşdirilməyib.
Röya son günlər mətbuatın diqqət mərkəzindən qaçmır. İstər sənətçinin şəxsi həyatında olan yeniliklər, istərsə də şou-biznesdə onunla bağlı olan qalmaqallar çoxlarının maraq dairəsindədir. Aygün Kazımova ilə Flora Kərimovanın birləşərək Röyaya qarşı "qara piar" aparması barədə söz-söhbətlər səngimir.
Bununla bağlı Röyanın da maraqlı fikirləri var. Sənətçi ilə söhbət zamanı "qara piar"ın mənbənin haradan qaynaqlandığı barədə soruşulduqda müğənni "məndə olan məlumata görə, Aygün Kazımova bu yaxınlarda Flora Kərimovanın evinə baş çəkib. Məqsəd isə onu mənə qarşı yönəltmək olub. Aygün Kazımovanın gecə səyahətinin məqsədinin əsas mahiyyəti də Flora Kərimovanı mənə qarşı danışdırmaq olub. Əslində Aygünlə bağlı fikirlər mənə aydındır. Çünki onun mənə olan münasibəti qısqanclıqdan başqa bir şey deyil. Flora Kərimovanın fitvaya getməsini anlaya bilmirəm. Mən başa düşə bilmirəm ki, Flora Kərimova kimi müdrik, ağbirçək bir qadın Aygünün fitvasına necə gedir? Əgər Flora xanım mənə olan iradını hər hansı bir tədbirdə, mərasimdə və ya qeyri-rəsmi məkanda şəxsən mənə desəydi, mən ondan inciməzdim. Əksinə, minnətdarlığımı bildirərdim. Axı o məndən həm böyük, həm də müdrikdir! Əgər böyük nəsildən öyrənmiriksə, kimdən öyrənməliyik" söyləyib. Aygün Kazımovanın da ondan böyük nəslə aid olduğunu nəzərə alsaq, eyni sözlər onun ünvanına da deyilməli idi. Elə bu mənada Röyanın fikirlərini öyrəndik. Müğənni "Aygündən nə öyrənmək olar? O qadın ki mətbuat vasitəsilə bəyan edir ki, onun ilk sevgi macərası royal üzərində baş verib, sizcə ondan öyrənməyə dəyərmi" söylədi. Hətta müğənni bununla bağlı qəzet materialının olduğunu da xatırlatdı. Qaldı Röyanın İlhamə xanım tərəfindən öyrədilməsi məsələsinə, Röya qətiyyətlə bunun yalan olduğunu vurğuladı: "Mən heç kimin tütəyi altında oynamıram. İlhamə xanımla da xeyli müddətdir ki, ünsiyyətdə deyiləm, yəni görmürəm. İlhamə xanıma isə böyük hörmətim var. Mahnılarına qulaq asıram. Nə o, nə də digər birisi məni hansısa istiqamətə yönəldə bilməz. Yenə də xatırladıram ki, özümdən böyüklərin məsləhətinə qulaq asmağı sevirəm. Bundan nəticə çıxarmağa da çalışıram".
Müğənninin şəxsi həyatındakı yeniliklərə gəlincə isə deyilənə görə, toy olacaq. Röya ərə gedir. Toy məkanı isə Azərbaycanda deyil, xaricdə planlaşdırılıb. Bu söz-söhbətlərin də nə dərəcədə həqiqət olduğunu aydınlaşdırmaq üçün müğənniyə suallarımızı ünvanladıq. Məlum oldu ki, həqiqətən toy olacaq. Ancaq xaricdə deyil, Bakıda. Nikah mərasiminin vaxtına və məkanına gəlincə isə konkret olaraq bir söz deyilmədi. Röya bildirdi ki, toyun vaxtı hələ ki dəqiqləşməyib. Odur ki, məkan da seçilməyib. Müğənni onu da xatırlatdı ki, toy mərasimində bütün adət-ənənələrimizə riayyət olunacaq.
Röyanın pərəstişkarlarının diqqətinə onu da çatdırırıq ki, iyulun 5-i və 6-da Yaşıl Teatrda müğənninin solo-konserti keçiriləcək. Artıq konsertə hazırlıq işlərinin aparıldığını deyən sənətçi bildirdi ki, konsertdə yeni mahnılarla yanaşı, köhnə hit mahnılar da səslənəcək. Konsertin videoversiyası da hazırlanacaq. Bundan əlavə bir neçə günə Röya növbəti mahnısına klip çəkdirəcək. "Yenə yaz gələcək" adlı mahnını ekranlaşdırmaq üçün rejissor kimi Ülviyyə Könülə müraciət olunub.
Mənbə: Şərq qəzeti