Onlar «cənab qızıl şlyager»in efirə çıxmasını hər vəchlə əngəlləyirlər.
Şou-biznes nümayəndələri zaman-zaman bəzi hərəkətləri ilə yerli telekanalların gözündən düşürlər. Dırnaq arasında qeyd etməliyik ki, bu kimi hallar daha çox özəl telekanallarda baş verir.
Yəni hansısa müğənni kanal rəhbərliyinin sözünü yerə salıb məclisində oxumasa, həmin andan telekanalın qapıları onun üzünə bağlanır. Bu cür hallara rast gələn müğənnilər isə heç də pəjmürdə olmurlar. «Puluna minnət» deyib, üz tuturlar digər özəl telekanallara. Sözümüzün canı odur ki, artıq 20 ildir sənət aləmində «at oynadan» «cənab qızıl şlyager» titullu, əməkdar artist fəxri adlı müğənnimiz Faiq Ağayevin üzünə bütün özəl telekanallar bağlanıb. Konkret olaraq, söhbət ATV və ANS-dən gedir. Hətta deyilənlərə inansaq, F.Ağayevin «Lider» telekanalında yayımlanan «Ulduzlu axşam» verilişinin ömrünün qısa olmasında əməkdar artist Brilliant Dadaşovanın bilavasitə rolu var. Yəni Brilliant xanımın adıçəkilən kanalla münasibətləri yaxşı olduğundan, F.Ağayev artıq oradan da ayağını kəsməli olub. Hətta B.Dadaşova biləndə ki, F.Ağayevlə eyni telekanalda müxtəlif verilişlər aparacaq, o zaman müğənni «Mən sənətkaram» adlı müəllif proqramının ardını gətirmək fikrindən vaz keçib. Şou-biznes kluarlarında dolaşan söz-söhbətə görə, B.Dadaşova F.Ağayevin əlindən yaman yanıqlıdır. Vaxtilə Brilliant Dadaşovanın telekanallarda görünməsini hər vəchlə əngəlləmək istəyən F.Fğayev, indi özü oyundankənar vəziyyətə düşüb. O, Hətta B.Dadaşova ilə üz-üzə gəlməkdən qorxur. Çünki sənətçi xanım F.Ağayevi möhkəmcə hədələyib. Keçək, növbəti telekanala – yəqin anladınız söhbət ANS-dən gedir. Daha doğrusu, bu kanalda «Xoşvaxt olun» verilişinin aparıcısı, əməkdar artist Nisə Qasımova ANS telekanalının rəhbərliyi ilə şərt kəsib. Müğənni «Əgər Faiq Ağayevi bu kanalın hər hansı verilişlərinə dəvət etsəz, mən burdan gedəcəyəm»-deyib. «Nə isə» deyib, gələk mətləb üstə. Görəsən, sənət aləmində hər zaman novatorluq edən Faiq Ağayev niyə Brilliant Dadaşova və Nisə Qasımova kimi sənətkarlarla yola getmir? Şou-biznesdə «protez ayaqlar» ayaması almış «cənab qızıl şlyager», hətta adlarını çəkdiyimiz müğənnilərin qatıldığı tədbirlərdə belə görünməkdən çəkinir. Bu sənətçilərin davasının kökündə hansı amilin dayandığını bilmirik, amma düşünürük ki, bu xəmir hələ çox su aparacaq…
Mənbə: Bizimyol