Cabbar Musayev: «Onun əsəbləri yerində deyil».
Sənətə gələn müğənnilərin sayı gündən-günə artır. Hətta bəzən onları yağışdan sonra çıxan göbələklərlə də müqayisə edirlər. Efirə ayaq açan oxuyanlar, müxtəlif yollarla özlərini camaatın gözünə dürtürlər.
Daha sonra isə istədikləri qədər özlərinə toy tutub, xan kefində dolanırlar. Qaz vurub, qazan dolduran bəzi müğənnilərin keçirdikləri həyat tərzi isə kimə də məlum olmasa, biz qələm əhlinə bəllidir… «Acın toxdan xəbəri yoxdur» deyimi ilə dolanan müğənni Könül Kərimova isə həmkarlarını geridə qoyub desək, yanılmarıq.
Kərimova oxumaqla yanaşı, yaxşı söyüş söyür
Öz aləmində dünya şöhrətli Cenifer Lopezi kölgədə qoyan Kərimova, sən demə, oxumaqla yanaşı, yaxşıca küçə söyüşü söyməyi bacarırmış. Belə ki, bu günlərdə «Xural» qəzetində müğənninin növbəti sərgüzəşti yer alıb. Qəzetin yazdığına görə, Fəridə adlı qadın azyaşlı oğlunun gözünün müalicəsi üçün Könül Kərimovaya ağız açıb, 380 manat pula ehtiyacı olduğunu deyib. Müğənni ona əvvəlcə «Sabah zəng elə» desə də, növbəti gün qadını küçə söyüşlərinə qonaq eləyib. Uşağının kor olması ehtimalından dəliyə dönən qadını «fahişə» adlandıran (etika xatirinə «fahişə» yazırıq-A.Ş) müğənni, əxlaqsız küçə qadınına yaraşan söyüşləri ilə bütün azərbaycanlı qadınları təhqir edib. Bununla hirsi soyumayan Kərimova, aşıb-daşan mədəni danışığına «Fahişə, bir də məni narahat eləmə» cümləsi ilə yekun vurub. Müğənninin söyüşlərini öz qulaqlarımızla eşitmək məqsədilə onunla əlaqə saxladıq, lakin arzumuz ürəyimizdə qaldı. Çünki K.Kərimovanın telefonu qapalı idi. Müğənninin «duet ortağı» Cabbar Musayev isə öncə məsələnin yanlış olduğunu dedi.
Könülün həyat yoldaşı zəng edəndə ona Cabbar Musayev cavab verir
K.Kərimovanın şəxsi və iş həyatı ilə bağlı bütün suallara onun cavab verdiyini söyləyən C.Musayev, and-qəsəm elədi ki, «duet ortağı»nın ağzı söyüşlü deyil: «Könülün hətta mobil telefonu yoxdur, bu onun nömrəsidir. Könülə gələn zəngləri mən cavablandırıram». O zaman belə bir sual doğur: görəsən, K.Kərimovanın övladları və hətta… həyat yoldaşı zəng edən zaman telefona C.Musayev cavab verir? «Könül telefonun birini evdə qoyur, küçədə isə məndə olan telefondan istifadə edir».
O, Rəqsanə səviyyəsində müğənnidir?
C.Musayev özünü təmizə çıxarmaq üçün bizə «Siz birbaşa Rəqsanəyə zəng edib danışa bilərsiz?» sualını verdi. Əslində, Könül Kərimovanın dilindən çıxan küçə söyüşlərindən sonra biz Rəqsanəni ondan daha səviyyəli müğənni hesab edirik. Çünki hətta anası ilə bacısı həbs olunan zaman çoxsaylı zənglərin qarşısında Rəqsanə bircə dəfə də olsun, kimsəyə kobud və tərbiyəsiz cavab vermədi. Digər tərəfdən isə Flora Kərimova kimi sənət əjdahası ona daxil olan zəngləri cavablandırırsa, Könül Kərimova kimi xırda miqyaslı oxuyan niyə zənglərə özü çıxmasın? C.Musayev bildirir ki bu, K.Kərimovanın ciddi əsəb sarsıntısı keçirməsi ilə bağlıdır: «Könül dəli olub, onun əsəbləri yerində deyil. İnandırım sizi, gün ərzində şikəstlər, evdən qaçmışlar, yetim uşaqlar, pula ehtiyacı olanlar zəng eləyib, ondan pul istəyirlər. Vallah, heç qazandığımız özümüzə yetmir. Könül pul tapsa ailəsini dolandırar də. Həkim Könülə deyib ki, bir müddət mobil telefondan imtina et». Yəqin bu günlərdə Könül Kərimovanın Yaşıl Teatda baş tutacaq konsertindən xəbərdarsız. Onun bu əməlindən sonra müğənninin konsertinə gedənlərin sayı ola bilsin, azalmasın. Amma bir şeydən əminik ki, K.Kərimova konsertindən qazandığı qonorarın çoxluğundan cuşə gəlib söyüşün birini 5 qəpik edəcək…
Mənbə: Bizimyol qəzeti