"YAYILAN SÖZ-SÖHBƏTLƏRİN SƏBƏBKARI ÖNCƏ RƏQSANƏ ÖZÜ OLDU".
Şou aləmindən heç baş açmaq mümkün deyil. Bu aləmdə hər cür söz-söhbətlər olur. Son günlər daha çox ictimiayyətin diqqəti Rəqsanəyə yönəlib. Dünyaya gətirdiyi övladına görə başı qalmaqallardan səngiməyən müğənni şayiələrdən bezib. Bu barədə müğənni Nura Surinin fikirlərini öyrənməyə çalışdıq. O da ana olmağa hazırlaşır, yeri gəlmişkən, indiyə qədər onun şəxsi həyatı barədə də müxtəlif söz-söhbətlər yayılıb.
Vaxtilə şəxsi həyatlarını gündəmə gətirən, hətta bu barədə çəkinmədən ekranlarda danışan Nura görəsən qorxmur ki, övlad dünyaya gətirdikdən sonra Rəqsanə kimi onun haqqında da xoşagəlməz söz-söhbətlər yayıla bilər? Məsələyə münasibət bildirən müğənni öncə qeyd etdi ki, onsuz da sənət adamları barədə müxtəlif şayiələr yayılır. Hətta burada müğənninin özü maraqlı olsa da, olmasa da: "O ki qaldı ana olmağa hazırlaşan müğənnilər barədə yayılan söz-söhbətlərə, mən buna indiyə qədər imkan verməmişəmsə, bundan sonra da verməyəcəm. Baxmayaraq ki, şəxsi həyatımla bağlı kifayət qədər dedi-qodular gəzdi". Müğənninin fikrincə, yayılan söz-söhbətlərin səbəbkarı öncə Rəqsanə özü oldu. "Maqazin verilişləri belə sualları ona ünvanlayanda gərək bu barədə danışmayaydı. Amma o neylədi? Çıxdı efirə, uşağın atasının kimliyi ilə bağlı müxtəlif fikirlər söylədi. Camaat arasında da yayıldı ki, o, atasız uşaq dünyaya gətirir. Amma mən əvvəldən söylədim ki, ailə həyatı qurmuşam. İkincisi isə dünyaya gətirəcəyim uşağın belə söz-söhbətlərlə həyata gəlməsini istəmirəm". Rəqsanə ilə normal münasibətlərinin olduğunu deyən müğənni ümumiyyətlə, bütün həmkarları ilə yaxşı münasibətdə olduğunu vurğuladı. Nura yalnız Aygün Kazımova ilə münasibətlərinin o qədər də ürəkaçan olmadığını söylədi. Qeyd edək ki, bir neçə il bundan öncə "Best Model" yarışmasına görə Nura ilə Aygün Kazımova arasında xoşagəlməz hal yaşanmışdı. Bir müddət sonra tərəflər söz-söhbətləri arxada qoyduqlarını, hazırda dost münasibətlərində olduğunu desələr də, sən demə belə deyilmiş: "Əslində bizim aramızda münasibətlər heç vaxt yaxşı olmayıb. Bu insan hamı ilə belədir. Röya ilə də belədir, onunla gah barışır, gah da istədiyini deyir. Natəvanla da həm səhnəyə çıxdı, həm də onun ünvanına olmazın sözlərini dedi. Ümumiyyətlə, bu insanın xasiyyəti belədir, gənclərlə yola getmir. Hətta Sevda Ələkbərzadə ilə də münasibətləri pisdir. Sevda Ələkbərzadə hara, o hara? Heç üslubları belə uyğun gəlmir. Amma ona da ilişdi. Vaxtilə Xumar Qədimova ilə arasından su keçmirdi. Deyirdi ki, heç vaxt bizim aramızda söz ola bilməz. Bəs nə oldu?". Nura onu da əlavə etdi ki, Aygün Kazımova dünən dost olub, çörək kəsdiyi insanlara gözlənilmədən düşmən olur. Lakin o, Aygünün sənəti haqqında yüksək fikir söyləsə də, ona qulaq asmadığını etiraf etdi.
Mənbə: Üç nöqtə