Müğənni gənc həmkarını əxlaqsız adlandırdı.
ATV telekanalı İradə İbrahimovaya qarşı «qara piar» kampaniyasına start verib. Belə ki, həmin kanalın maqazin proqramlarından birində əməkdar artistlər Almaz Ələsgli və Aygün Kazımova İradə İbrahimovanı söz atəşinə tutdular.
Onun sənəti və əxlaqı ilə bağlı olmazın sözlər işlədən müğənnilərin ürəyi bununla soyumadı. Həmkarlarını hədəfə alan hər iki müğənni milyonlarla tamaşaçının gözü önündə İradə İbrahimovanı «bozbaş» müğənni adlandırdılar. Görəsən, Aygün Kazımova ilə Almaz Ələsgərlini özündən çıxaran nədir? Deyilənə görə, İradənin bəstəkar İsa Məlikovun tərəfini saxlaması hər iki müğənnini təbdən çıxarıb. Xatırlayırsınızsa, gənc bəstəkar Rəqsanəni, Xumar Qədimovanı, Xatirə İslamı müğənni hesab etmədiyini söyləmiş, İradə isə onu haqlı saymış, onunla həmfikir olduğunu bəyan etmişdi. İradə İbrahimova isə məsələyə münasibət bildirməkdən boyun qaçırır. Rəqsanə ilə «qanlı-bıçaq» olan Aygün olmaya, onunla barışmaq istəyir? Nə bilmək olar, müğənnilərin əməllərindən heç fələk də baş aça bilmir.
İradə İbrahimovaya qarşı «qara piar» kampaniyası davam edir.
Səidə Sultan: «Efirə çıxıb onun haqqında ağzıma gələni dedim»
Qalmaqllardan əsla qorxmayan müğənni Səidə Sultan İradə İbrahimovanı ittiham edib. O, «Trend-az» saytına açıqlamasında deyib ki, İradə İbrahimova onun «torbasını tikmək» istəyir.
Sən demə, Səidə paytaxt restoranlarından birində dostları ilə yeyib-içərkən, həmin məkanda işləyən ofisiantlardan biri ona yaxınlaşaraq, şok xəbər verib. Deyib ki, İradə İbrahimovanın prodüsseri bayaqdan zəng edib, «Xəlvət Səidənin şəkillərini çək» söyləyib. Bundan təəccüblənən Səidə Sultan, nə qədər çalışsa da, İradə İbrahimovanın prodüsseri ilə əlaqə saxlaya bilməyib ki, sözünü desin: «Mən bilirəm, İradə məni şantaj eləmək istəyir, amma heç nə alınmayacaq. Buna görə də efirə çıxıb onun haqqında ağzıma gələni dedim».
Mənbə: Bizim yol